AZ

2 Fevral-Azərbaycan Gəncliyi: Fədakarlıq və müasir dövlətçilik fəlsəfəsi



“2 Fevral – Azərbaycan Gəncləri Günü” müasir Azərbaycan dövlətçilik strategiyasının ideoloji və tarixi əsaslarını özündə ehtiva edən mühüm simvolik tarixlərdən biridir. Bu gün yalnız təqvim hadisəsi kimi deyil, gəncliyin dövlət quruculuğunda və milli inkişaf prosesində oynadığı həlledici rolun ifadəsi kimi dəyərləndirilməlidir.

Gənclik anlayışı yalnız bioloji və ya sosial yaş göstəriciləri ilə izah edilə bilən kateqoriya deyildir. O, cəmiyyətin dinamik inkişafını təmin edən ontoloji enerji mənbəyi, bilik və bacarıqların istehsalı və innovativ fəaliyyətin formalaşması baxımından mühüm epistemoloji potensial, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində strateji əhəmiyyət daşıyan sosial-mədəni resurs kimi çıxış edir. Müasir dünyada bilik və bacarıqların istehsalı artıq yalnız fərdi inkişaf prosesi deyil, cəmiyyətin özünü yenidən yaratma mexanizmidir. Bu istehsal maddi nemətlərin deyil, düşüncə formalarının, qərarvermə qabiliyyətinin və gələcəyi formalaşdıran intellektual gücün yaranmasıdır. Gənclik bu prosesin əsas subyektidir. Çünki bilik yalnız ötürülən deyil, yenidən mənalandırılan, təcrübə ilə zənginləşdirilən və zaman keçdikcə bacarığa çevrilən real gücü ifadə edir.

Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasəti məhz bu çoxölçülü nəzəri yanaşmaya əsaslanaraq, gənclərin intellektual, sosial və vətəndaşlıq potensialının sistemli şəkildə inkişaf etdirilməsini strateji prioritet kimi müəyyən etmişdir. 2 Fevral tarixi dövlətlə gənclik arasında qurulmuş əməkdaşlıq, qarşılıqlı etimad və uzunmüddətli inkişaf strategiyasının simvolik göstəricisi olaraq xüsusi elmi və ictimai əhəmiyyət daşıyır.Bu aspektdən gənclik həm milli identikliyi qoruyan, həm də dövlətçilik fəlsəfəsinin praktik daşıyıcısı olan subyekt kimi çıxış edir. Dünya tarixində millətlərin taleyini müəyyən edən əsas qüvvələrdən biri də məhz gənclik olmuşdur. 44 günlük Vətən müharibəsi göstərdi ki, gənclik yalnız hərbi və fiziki güc deyil, həm də ideoloji yetkinlik, tarixi şüur və milli-mənəvi məsuliyyət mənbəyidir.
Fəlsəfi baxımdan gənclik keçmişlə gələcək arasında dialektik körpü rolunu oynayır. Keçmişin ideya və dəyərləri gənclərin şüurunda transformasiya edilir, gələcək isə onların fəaliyyətində real əməllərlə təcəssüm olunur. Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiqliklə müasir dünyagörüşünü sintez edərək, dövlətçilik fəlsəfəsinin canlı subyekti kimi formalaşmışdır. Bu fenomen həm Hegelin dialektikası, həm də Marksist tarix fəlsəfəsi kontekstində nəzərdən keçirilə bilər, çünki gənclik həm tarixi qüvvə, həm də sosial inkişafın aktiv faktorudur.
Azərbaycan Respublikasında sistemli gənclər siyasətinin ideoloji və institusional əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Heydər Əliyevin siyasi konsepsiyasında gənclik dövlətin strateji dayağı, milli təhlükəsizliyin sosial təminat mexanizmi və uzunmüddətli inkişafın aparıcı subyekti kimi dəyərləndirilirdi. Onun siyasi-fəlsəfi baxışlarına görə, gənclər təsadüfi sosial qrup deyil, məqsədyönlü şəkildə formalaşdırılmalı və yetişdirilməli olan dövlətçilik subyektidir.
Bu konseptual yanaşmanın siyasi və institusional təcəssümü kimi 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirilmiş, habelə 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Ümummilli Liderin fəlsəfi baxışında gənclik həm tarixi-subyektiv, həm də sosial-mənəvi funksiyaları eyni vaxtda icra edən çoxşaxəli fenomen kimi təqdim olunur.

Ulu öndərin gənclər siyasətinin fəlsəfi mahiyyəti azadlıq və məsuliyyət anlayışlarının dialektik vəhdətində ifadə olunurdu. Belə ki, azadlıq fərdi potensialın və yaradıcılıq imkanlarının reallaşdırılması kimi nəzərdə tutulsa da, bu azadlıq milli maraqların qorunması və dövlətin inkişafına xidmət edən sosial-siyasi məsuliyyətlə tamamlanmalıdır. Təhsil və elmi hazırlığın gücləndirilməsi, milli kadr potensialının formalaşdırılması, habelə gənclərin dövlət idarəçiliyində və ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsi bu modelin əsas praktik mexanizmləri kimi çıxış edirdi.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin yalnız hərbi gücünü deyil, həm də mənəvi yetkinliyini, tarixi şüurunu və dövlət qarşısında məsuliyyətini nümayiş etdirdi. Gənclərin döyüş meydanında göstərdiyi qəhrəmanlıq təsadüfi emosional reaksiya deyildi, uzunmüddətli ideoloji və mənəvi formalaşmanın nəticəsi idi. Müharibədə gənclərin qəhrəmanlıq fəlsəfəsi borc və vətənpərvərlik anlayışlarının ali təzahürü kimi dəyərləndirilə bilər. Fərdi həyat milli taleyin tərkib hissəsinə çevrildi, şəhidlik və qazilik anlayışları isə yalnız hərbi status yox, mənəvi kateqoriya kimi qəbul edildi. Bu baxış azadlığı sadəcə hüquq kimi yox, real tarixi və sosial məsuliyyət kimi göstərirdi. 44 günlük müharibə göstərdi ki, gənclər təkcə vətənpərvər deyil, həm də strateji düşüncə, innovasiya və quruculuq qabiliyyətinə malikdirlər. Müharibədən sonra azad edilmiş ərazilərin bərpası gənclərə yeni tarixi və sosial vəzifələr gətirir.

Prezident İlham Əliyevin gənclər siyasəti ulu öndər Heydər Əliyevin ideoloji irsinə əsaslanaraq gənclərin dövlətçilik proseslərində fəal subyekt kimi formalaşmasını hədəfləyir. Bu siyasət gənclərin elmi-intellektual və mənəvi inkişafını, eləcə də vətənpərvərlik dəyərlərinin möhkəmləndirilməsini strateji prioritet kimi müəyyən edir. Qloballaşma şəraitində gənclərin açıq dünyagörüşə malik olması ilə yanaşı, milli kimliyin qorunması əsas prinsip kimi çıxış edir. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin həm müasir düşüncəyə, həm də güclü milli şüura malik olduğunu elmi-praktik baxımdan təsdiq etmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, gənclərin sosial inkişafı, təhsil və humanitar sahələrdə fəaliyyətinə xüsusi diqqət yetirir. Onun təşəbbüsləri, əsasən “Heydər Əliyev Fondu” çərçivəsində həyata keçirilir və gənclərin yalnız bilik və bacarıqlarının artırılmasına deyil, həm də onların milli-mənəvi və əxlaqi dəyərlərlə inteqrasiyasına xidmət edir. Bu yanaşma gəncliyi ictimai-mənəvi və intellektual subyekt kimi dövlətçilik fəlsəfəsinin canlı daşıyıcısına çevrilməsini təmin edir.

Mehriban xanım Əliyevanın baxışına görə, gənclər cəmiyyətin mənəvi və intellektual sütunu, dövlətin sosial rifahının və davamlı inkişafının əsas təminatçısıdır. Onun siyasətində gənclərin inkişafı yalnız akademik bilik və praktik bacarıqlarla məhdudlaşmır, eyni zamanda onların humanitar, mədəni və etik sahədə yetişməsi əsas prioritet təşkil edir. Bu, gəncliyin milli identikliyi qorumaqla müasir dünyagörüşünə malik nəsil kimi formalaşmasına şərait yaradır.

“Heydər Əliyev Fondu”nun təşəbbüsləri gənclərin beynəlxalq forumlarda iştirakı, təhsil, idman və mədəni layihələrin dəstəklənməsi, sosial təşəbbüslərin həyata keçirilməsi ilə gənclərin yalnız praktik bacarıqlarını artırmaqla kifayətlənmir, onların strateji düşüncə və liderlik qabiliyyətlərini, həmçinin ictimai fəallığını daha da inkişaf etdirir.
Elmi-fəlsəfi yanaşmada gənclik cəmiyyətin yalnız demoqrafik təbəqəsi deyil, eyni zamanda ictimai funksiya daşıyan, ideoloji dəyərlərin ötürücüsü və tarixi proseslərin fəal iştirakçısı kimi qiymətləndirilir. Bu baxımdan gənclərin rolu təkcə onlara yaradılmış imkanlarla məhdudlaşmır; onlar dövlətin dayanıqlı inkişafına, ictimai rifahın yüksəldilməsinə və milli təhlükəsizliyin təmin olunmasına bilavasitə töhfə verməlidirlər. Sözügedən fəlsəfi yanaşma həm döyüş meydanında, həm də postmüharibə dövründə aparılan quruculuq və bərpa proseslərində gəncliyin fəallığında aydın şəkildə təzahür edir. Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik konsepsiyasına sadiqliyini, 44 günlük Vətən müharibəsində göstərdiyi fədakarlıqla yanaşı, gələcək qarşısında daşıdığı tarixi məsuliyyəti də qətiyyətlə təsdiqləyir.

2 Fevral – Azərbaycan Gəncləri Günü, eyni zamanda milli yaddaşın, dövlətçilik fəlsəfəsinin və tarixi məsuliyyətin ifadəsidir. Gənclik Azərbaycan dövlətinin davamlı inkişafının, milli ideaların qorunmasının və strateji dövlətçilik xəttinin canlı təcəssümüdür. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan gəncliyi yalnız fədakarlıq nümayiş etdirən qüvvə deyil, həm də strateji düşüncə tərzinə malik, mənəvi və ideoloji baxımdan formalaşmış bir nəsildir. Bu mənada gənclik dövlətçilik fəlsəfəsinin gələcək nəsillərə ötürülməsində əsas ideoloji və tarixi daşıyıcı rolunu oynayır.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti




Seçilən
9
aia.az

1Mənbələr