AZ

"AmCham": Alkoqollu içkilərə dair gömrük depozit sxemi ayrıca normativ sənədlərdə təsbit edilməlidir

Azərbaycanda alkoqollu içkilər və tütün məmulatlarına dair mövcud gömrük depozit sxemi ayrıca normativ sənədlərdə təsbit edilməlidir.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Sənəddə bildirilib ki, son 1 ildə Azərbaycan Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti tütün məmulatları və alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə etsə də, problem hələ də ciddi olaraq qalır: "Təkcə 2024-cü ildə vergi və sərhəd orqanları təxminən 6,4 milyon qutu qanunsuz siqaret müsadirə edib. Mövcud məlumatlara əsasən, qanunsuz siqaret dövriyyəsi dövlət büdcəsi üçün illik təxminən 105 milyon manat vergi itkisi yaradır. Qanunsuz alkoqol bazarı da narahatedici şəkildə genişlənir. "TEC Qafqaz" tərəfindən 2023-cü ildə aparılmış araşdırmaya əsasən, ölkənin pivə bazarının təxminən 30-31 %-i qeyri-qanuni məhsullardan ibarət olub ki, bu da əlavə fiskal itkilərə səbəb olur. Tütün və alkoqolun nəzarətsiz dövriyyəsi isə aşağı keyfiyyətli və mənşəyi bilinməyən saxta məhsullara çıxışı artıraraq ciddi ictimai sağlamlıq riski yaradır".

Hesabatda vurğulanıb ki, Azərbaycan regional ticarət və tranzit marşrutlarının əsas qovşaqlarından biri olduğundan, ölkədən tütün və alkoqollu məhsulların tranziti mühüm rol oynayır: "Lakin müvafiq normativ-inzibati çərçivə olmadıqda, bu proses qeyri-qanuni yönləndirmə riskinə açıq qalır. Tranzit yüklərinə nəzarətin zəif olması malların yanlış bəyan edilməsinə, vergidən azadolma adı ilə üçüncü ölkələrə göndərilirmiş kimi göstərilməsinə və nəticədə, daxili bazara nəzarətsiz şəkildə daxil olmasına imkan yaradır. Bu isə təkcə böyük vergi itkisinə deyil, həm də qanuni bizneslər üçün ədalətli rəqabət mühitinin pozulmasına gətirib çıxarır".

"AmCham"ın ekspertləri tövsiyə edirlər ki, alkoqollu içkilər və tütün məmulatlarına dair mövcud gömrük depozit sxemi ayrıca normativ sənədlərdə təsbit edilməli və icrası məcburi olan açıq prosedur çərçivəsi yaradılmalıdır: "Qanunsuz dövriyyə ilə mübarizənin effektivliyi üçün xüsusi tranzit proseduru yalnız yüksək riskli hazır tütün və alkoqol məhsullarına, o cümlədən, elektron siqaretlərə və qızdırılan tütün məhsullarına tətbiq edilməli, istehsal üçün istifadə olunan xammal isə əlavə inzibati yük yaratmamaq üçün istisna edilməlidir. Təklif edilən yeni çərçivəyə uyğun olaraq, tranzit əməliyyatları həyata keçirən operatorlar ölkəyə daxil olarkən maliyyə təminatı yerləşdirməlidirlər. Bu tələbat malları təminat yalnız malların ölkədən çıxışı müvafiq qaydada təsdiqləndikdən sonra geri qaytarılacaq".

Ticarət Palatasının hesabatında tranzit hərəkətinə icazə verilməsi üçün bu sənədlərin təqdim edilməsinin məcburi olmasını təklif edilir: "Məhsulun mənşə sertifikatı; Çatdırılma müqaviləsinin surəti; Daşınma qrafiki (mallar bir neçə partiya ilə daşındıqda); Tranzit gömrük rüsumunun ödənilməsini təsdiq edən sənəd (depozit hesabına köçürülmüş vəsait); Təyinat ölkəsinin aksiz markası ilə markalanmanı təsdiq edən sənəd. Əgər təyinat ölkəsi aksiz markalanmasını tələb etmirsə, bu barədə rəsmi azadolma sənədi təqdim edilməlidir".

Seçilən
61
1
far.az

2Mənbələr