AZ

Azərbaycan Universitetində ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirilib

ABŞ Dövlət Departamentinin Regional İngilis Dili Ofisinin (Regional English Language Office - RELO) rəhbəri John Silver, ofisin mütəxəssisi Aycan Yaman, Təhsil və mədəniyyət məsələləri bürosunun əməkdaşı Cora Mantzke Bakıya səfərləri çərçivəsində Azərbaycan Universitetini ziyarət ediblər.

AzEdu.az xəbər verir ki, universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə görüşən nümayəndə heyətinin tərkibində ABŞ səfirliyinin mədəniyyət müşaviri Randy Cole və səfirliyin əməkdaşı Səbinə Abdullayeva da təmsil olunublar.

Tədbirdə Azərbaycan Universitetinin Elmi işlər üzrə prorektoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Xarici dillər kafedrasının müdiri Aygün Qasımova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilənova da iştirak ediblər.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, tədrisi aparılan ixtisaslar, universitetin beynəlxalq əlaqələri, prioritetləri və stratejik hədəfləri haqqında məlumat verib. Rektor qeyd edib ki, beynəlmiləlləşmə universitetin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Azərbaycan Universiteti fəaliyyətinin bütün istiqamətlərində müasir çağırışları və akademik keyfiyyət standartlarını əsas götürərək fəaliyyətini sistemli şəkildə qurur.

Elmi işlər üzrə prorektor Yusif Qasımov universitetin elmi fəaliyyəti haqqında danışıb, beynəlxalq reytinqlərdəki mövqeyini diqqətə çatdırıb. Prorektor qeyd edib ki, universitet “Web of Science” və “Scopus” kimi nüfuzlu elmi bazalarda elmmetrik göstəricilər üzrə ölkə miqyasında 5-ci yerdə qərarlaşıb. Bu göstərici Azərbaycan Universitetinin elmi mühitdə möhkəmlənən mövqeyini nümayiş etdirir.

ABŞ səfirliyinin mədəniyyət müşaviri Randy Cole və RELO rəhbəri John Silver ofis tərəfindən idarə olunan beynəlxalq təhsil proqramları haqqında məlumat veriblər. Qeyd olunub ki, Regional İngilis Dili Ofisinin əsas məqsədi müxtəlif ölkələrdə ingilis dilinin tədrisini və müəllimlərin peşəkar inkişafını dəstəkləməkdir. Gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.

Seçilən
2
4
azedu.az

5Mənbələr