AZ

Mədə kiçiltmə əməliyyatı təkcə estetik seçim deyil, ciddi tibbi müdaxilədir - AÇIQLAMA

Son illər artıq çəki və piylənmə ilə mübarizədə mədə kiçiltmə əməliyyatları cəmiyyətdə getdikcə daha çox gündəmə gəlir. Sosial mediada “sürətli arıqlama” hekayələri, qısa zamanda əldə olunan vizual dəyişikliklər və estetik nəticələr bu əməliyyatlara marağı daha da artırır. Lakin mədə kiçiltmə əməliyyatı təkcə estetik seçim deyil, orqanizmin həzm sistemi, maddələr mübadiləsi və ümumi sağlamlığına birbaşa təsir edən ciddi tibbi müdaxilədir. Əməliyyatın qısa müddətli nəticələri tez-tez müzakirə olunsa da, uzunmüddətli perspektivdə yarada biləcəyi sağlamlıq riskləri və mümkün fəsadlar kifayət qədər diqqət mərkəzində olmur.

Bu barədə terapevt Zakir Quliyev Missiya.Az-a danışıb.

"Mədə kiçiltmə əməliyyatı uzunmüddətli perspektivdə bəzi ciddi sağlamlıq riskləri yarada bilər. Bunlara qidalanma pozğunluqları, mədənin həcminin azalmasına bağlı olaraq zülal, vitamin və mineral qəbulunun yetərsizliyi, həzm problemləri (reflüks, dumping sindromu, xroniki ishal və ya qəbizlik), cərrahi sahədə daralma və ya nadir hallarda digər mexaniki fəsadlar daxildir. Eyni zamanda bəzi xəstələrdə psixoloji uyğunlaşma çətinlikləri, depressiya və yemək davranışında pozuntular müşahidə oluna bilər. Bu risklər bütün xəstələrdə eyni dərəcədə olmur; əməliyyatın növü, xəstənin yaşı, ümumi sağlamlıq vəziyyəti, əvvəlcədən mövcud olan xəstəliklər və əməliyyatdan sonrakı tibbi nəzarət risklərin ağırlığını ciddi şəkildə dəyişir",-terapevt bildirib.

Zakir Quliyevin sözlərinə görə, əməliyyatdan sonra yaranan vitamin və mineral çatışmazlıqları daha çox qan dövranı, sinir sistemi, sümük-əzələ sistemi və immun sistemə zərər verir. Dəmir çatışmazlığı xroniki anemiyaya, B12 vitamini çatışmazlığı sinir sistemi pozğunluqlarına, yaddaş problemlərinə və psixoloji dəyişikliklərə, kalsium və D vitamini çatışmazlığı isə osteoporoz və sümük qırıqlarına səbəb ola bilər. Zülal çatışmazlığı əzələ itkisi və immun zəifliyə yol aça bilər. Bu problemlər bəzən illər sonra üzə çıxır və vaxtında nəzarət olunmazsa anemiya, sümük əriməsi və nevroloji xroniki xəstəliklər kimi qalıcı sağlamlıq problemlərinə səbəb ola bilər.

"Mədə kiçiltmə əməliyyatı həzm sistemi və maddələr mübadiləsinə müdaxilə etdiyi üçün hormonal balans, immun sistem və ümumi həyat keyfiyyəti baxımından da mənfi nəticələr yarana bilər. Hormonal dəyişikliklər qadınlarda menstruasiya pozğunluqları, bəzi hallarda qalxanabənzər və stress hormonlarında qeyri-sabitliklə özünü göstərə bilər. Qida maddələrinin sorulmasının azalması immun sistemin zəifləməsinə, infeksiyalara meyilliliyin artmasına və yaraların gec sağalmasına səbəb ola bilər. Uzunmüddətdə isə daimi pəhriz məhdudiyyətləri, vitamin preparatlarından asılılıq, yorğunluq hissi və psixoloji adaptasiya çətinlikləri bəzi insanlarda ümumi həyat keyfiyyətinin azalmasına gətirib çıxara bilər",-Z.Quliyev əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr