Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bu sistem artıq beynəlxalq səviyyədə uğurlu sistem kimi özünü təsdiq edib
Rusiyada ali məktəblərdə “bakalavr” və “magistr” dərəcələri bu ilin 1 sentyabrından etibarən ləğv ediləcək. Bu barədə Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva bildirib. Deputatın sözlərinə görə, onların əvəzinə baza ali təhsil və ixtisaslaşmış ali təhsil formatları tətbiq olunacaq.
Qeyd edək ki, Rusiyada ali təhsil sistemində “bakalavr” və “magistr” pillələrinin ləğv edilərək onların yerinə “baza ali təhsil” və “ixtisaslaşmış ali təhsil” formatlarının tətbiqi barədə qərar təhsil sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu dəyişiklik yalnız Rusiyanın daxili ehtiyacları ilə məhdudlaşmır, eyni zamanda postsovet məkanında və qonşu ölkələrdə ali təhsilin gələcək inkişaf istiqamətləri barədə müzakirələri də aktuallaşdırır.
Azərbaycan üçün bu məsələ xüsusilə maraqlıdır. Ölkəmiz hazırda Bolonya prosesi çərçivəsində bakalavr-magistr modelini tətbiq etsə də, əmək bazarının tələbləri, kadr hazırlığının keyfiyyəti və ali təhsilin praktik yönümlülüyü ilə bağlı müzakirələr davam edir. Bu baxımdan Rusiyada tətbiq olunacaq yeni modelin Azərbaycanda mümkün tətbiqi, üstün və zəif tərəfləri, həmçinin milli təhsil strategiyasına nə dərəcədə uyğun olması ciddi təhlil tələb edir.
Dünya təcrübəsi göstərir ki, ali təhsildə vahid model yoxdur. ABŞ və Böyük Britaniyada bakalavr–magistr sistemi üstünlük təşkil etdiyi halda, Almaniya, Fransa və bir sıra Asiya ölkələrində daha uzunmüddətli, ixtisaslaşmaya əsaslanan təhsil modelləri mövcuddur. Son illər bir çox ölkələr ali təhsili daha çevik, əmək bazarına yaxın və tətbiqi bacarıqlara yönəlik qurmağa çalışır. Bu kontekstdə Rusiyanın yeni təşəbbüsü qlobal təhsil trendlərinin alternativ forması kimi diqqət çəkir və Azərbaycanda ali təhsilin gələcək inkişafı ilə bağlı müzakirələrə əlavə impuls verə bilər.
Gənc alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Sherg.az”a açıqlamasında Rusiyanın bu sistemə keçərək Bolonya sistemindən imtina etdiyini deyib. Ekspert hesab edir ki, bu sistemin nə dərəcə uğurlu və ya uğursuz olacağını zamanı göstərəcək:
“Bildiyiniz kimi dünyada ali təhsil təkcə Bolonya sistemi üzərində qurulmayıb və fərqli sistemlər var. Fərqli təhsil sistemləri həm də rəqabət üçün bir meydan deməkdir. Əslində, ad dəyişsə də, ixtisaslaşmış təhsil (1-3 il ərzində) magistr təhsil pilləsinə uyğundur. Magistr təhsili tam ali təhsil və eyni zamanda, həm də ixtisaslaşmanın daha dərin məzmun əsasında formalaşması idi”.
Azərbaycanda bu modelin tətbiq olunmamasının hələlik müzakirə mövzusu olmadığını vurğulayan İ. Orucov qeyd edib ki, Azərbaycan Bolonya sisteminə qoşulub və Bolonya təhsil sistemində bakalavr, magistr, doktorantura, təhsilin pillələri ali təhsilin pillələri olaraq nəzərdə tutulur:
“Azərbaycanda ali təhsil standartları müəyyənləşdirib. Bu standartlar Avropaya uyğunlaşdırılıb. Avropa universitetləri ilə kifayət qədər yaxşı əlaqələri var. Təhsilin inkişafı strategiyasında da dünya təhsilinə inteqrasiya mövcuddur. Ona görə, düşünmürəm ki, Bolonya sistemindən çıxılsın. Bir standartdan digərinə keçid də çətindir. Burada həm məzmun infrastrukturu, həm də pedaqoji infrastruktur nəzərdə tutulur. Bu baxımdan, düşünmürəm ki, Azərbaycan formalaşmış standartdan imtina etsin. Bolonya sistemi artıq oturuşmuş və eyni zamanda, beynəlxalq səviyyədə uğurlu sistem kimi özünü təsdiq etmiş bir sistemdir.
İnteqrasiya inkişaf etmiş ölkələrin təhsil sisteminə doğru olmalıdır. Yeni təhsil sisteminə keçid hazırda Azərbaycan üçün aktual deyil".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.