İranın islahatçı hərəkatının liderləri Ali Rəhbər Əli Xameneinin istefa verməsi və hakimiyyəti müvəqqəti şuraya ötürməsi tələbini müzakirə ediblər.
Publika.az xəbər verir ki, "Euractiv" bu barədə danışıqlardan xəbərdar mənbələrə istinad edib.
Nəşrin məlumatına görə, onlar Xameneiyə könüllü istefa təklif ediblər.
Bildirilir ki, bu missiyanın İran siyasətçisi Azər Mənsuriyə həvalə edilməsi planlaşdırılıb, lakin hökumətin müxalifətə qarşı təhdidlərindən sonra plan pozulub.
Müxalifəti Ali Liderin istefasını müzakirə etməyə sövq edən səbəblərdən biri Tehranda və digər böyük şəhərlərdə baş verən son kütləvi iğtişaşlar zamanı itkilərin sayından narazılıq idi. İran İslam Respublikası Konstitusiyasının 111-ci maddəsinə əsasən, lider fəaliyyət qabiliyyətini itirdikdə və ya müəyyən edilmiş tələblərə cavab vermədikdə vəzifəsindən azad edilə bilər. Belə bir halda, ekspert şurası təcili olaraq yeni bir lider təyin etməyə borcludur.