"Son zamanlar sosial şəbəkələrdə təhqir, böhtan və əxlaqa zidd paylaşımların artması müşahidə olunur. Məsələ ilə bağlı hüquqi tənzimləmələr həm Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq praktikada kifayət qədər sərt olmasına baxmayaraq eyni hallar davam etməkdədir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "Azərbaycan qanunvericiliyində təhqir, böhtan və əxlaqa zidd paylaşımlara görə məsuliyyət məsələsi nəzədə tutulur. İnformasiya kommunikasiya texnologiyalarının inkişafı, rəqəmsal mühitin əlçatanlığı genişləndikcə qanunlar da yenilənir. Məhz bu kimi amillərin nəticəsidir ki, ölkədə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər təsdiqlənərək qüvvəyə mindi. Yeni dəyişikliklərə əsasən, internet və sosial şəbəkələrdə ictimai mənəviyyata zidd, cəmiyyətə açıq hörmətsizlik yaradan məzmunların yayılması rəsmi şəkildə qadağan olunur. Qadağan edilən paylaşımlar bunlardır: İctimai mənəviyyatı təhqir edən məzmunlar; Cəmiyyətə açıq hörmətsizlik ifadə edən davranış və ifadələr; Əxlaqa zidd sözlər, mimikalar və jestlər; Bədənin hissələrinin milli və mənəvi dəyərlərə zidd formada nümayişi. Bu kimi qanunsuzluğa yol verənlər üçün aşağıdakı cəza tədbirləri nəzərdə tutulur: İlk pozuntu: 500-1000 manat cərimə; Təkrar pozuntu (1 il ərzində): 1000-2000 manat cərimə; İnzibati həbs: İlk pozuntuda 30 günədək, təkrar hallarda - 1-2 ayadək. Burada məqsəd rəqəmsal mühitdə etik davranışın qorunması, milli-mənəvi dəyərlərə hörmətin gücləndirilməsi və cəmiyyətin mənəvi təhlükəsizliyinin təmin olunmasıdır. Qanun artıq qüvvədədir və bütün internet istifadəçilərinə şamil olunur".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31