AZ

Azərbaycanın Sülh Şurasına üzvlüyü regionda dayanıqlı sülhün təşviqinə imkan yaradır ŞƏRH

Bakı, 29 yanvar, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində Davos Forumu artıq təkcə iqtisadi müzakirələrin aparıldığı platforma deyil. Faktiki olaraq bu forum qlobal güc mərkəzlərinin yeni siyasət, təhlükəsizlik və ideologiya gündəmlərini sınaqdan keçirdiyi, konsensus axtardığı və gələcək beynəlxalq nizamın konturlarını cızdığı mühüm məkana çevrilib. Xüsusilə son illərdə müharibələrin, enerji böhranlarının və geosiyasi parçalanmanın dərinləşdiyi bir dövrdə Davos çərçivəsində aparılan müzakirələr dövlətlərin real mövqelərini və strateji niyyətlərini daha aydın şəkildə üzə çıxarır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, bu il Davos Forumunun gündəmi kifayət qədər zəngin olsa da, ən çox diqqət çəkən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın Qəzzanın bərpası ilə bağlı irəli sürdüyü və təsis etdiyi Sülh Şurası təşəbbüsü oldu. Azərbaycan da bu Şuraya təsisçi üzv qismində qəbul edildi. Yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın ikitərəfli görüşündə də sözügedən məsələ ilə bağlı geniş və əhatəli müzakirələr aparıldı. Bu isə siyasi və diplomatik baxımdan əlamətdar hadisə hesab edilə bilər.

“Azərbaycan üçün əsas olan məhz Qəzzanın bərpasına yönəlmiş bu prosesin mahiyyəti və humanitar-siyasi məqsədləridir. Müqayisə üçün qeyd etmək olar ki, Azərbaycan daha əvvəl BMT Təhlükəsizlik Şurasında Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın təqdim etdiyi qətnaməni dəstəkləsə də, bölgəyə hərbi kontingent göndərməkdən imtina edib. Bu mövqe Bakının prinsipial və balanslı yanaşmasının göstəricisidir. Eyni zamanda, Azərbaycan son illər beynəlxalq müstəvidə özünü postmünaqişə dövrünün real təcrübəsinə malik, neytral və konstruktiv aktor kimi təqdim etməyi bacarıb. Belə beynəlxalq platformalarda iştirak Bakıya həm siyasi prestij, həm də praktiki diplomatik təcrübə baxımından mühüm üstünlüklər qazandırır”, - deyə politoloq vurğulayıb.

T.Rzayev qeyd edib ki, ümumiyyətlə, rəsmi Bakı Vaşinqtonla münasibətlərə xüsusi önəm verir. Donald Trampın şəxsi təşəbbüslərinə yaxın olmaq Azərbaycanın ABŞ siyasi dairələrində əlavə manevr imkanları əldə etməsinə şərait yaradır. Bu baxımdan, Azərbaycan bu təklifi həm təşəbbüsün mahiyyətinə uyğun olaraq, həm də gələcək diplomatik balansı qorumaq və qlobal proseslərdən kənarda qalmamaq məqsədilə qəbul edib. Ümumilikdə isə bu proses Azərbaycanın beynəlxalq arenadakı mövqelərini gücləndirməklə yanaşı, regionda sülh təşəbbüslərinin daha dayanıqlı və institusional əsaslar üzərində qurulması üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu addım ABŞ-la strateji tərəfdaşlıq çərçivəsində gələcək siyasi, diplomatik və humanitar layihələrin reallaşdırılması üçün əlverişli zəmin formalaşdırır.

Seçilən
21
1
azertag.az

2Mənbələr