"Peşəyönümlü siniflərin fəaliyyət göstərdiyi məktəblərin sayı artdıqca, ixtisasların sayını da buna mütənasib olaraq artırırıq. Fəaliyyətə 8 ixtisasla başlamışdıqsa, artıq şagirdlərimizə təqdim olunan seçim imkanını 17-yə çatdırmışıq".
AzEdu.az xəbər verir ki, bu sözləri "Peşə təmayüllü siniflər" layihəsinin rəhbəri Arif Pənahov bildirib.
"Əvvəlki illərdə peşə ixtisaslarının sayı 8, daha sonra isə 12 idi. Lakin peşəyönümlü siniflərin fəaliyyət göstərdiyi məktəblərin sayı artdıqca, əmək bazarındakı tələbata uyğun olaraq ixtisasların sayını da artırdıq.
Hazırda şagirdlər 16 ixtisas üzrə təhsil alırlar. Cari tədris ilindən etibarən pilot layihə kimi fəaliyyətə başlayan məktəbdə isə "tikişçi/köməkçi tikişçi operatoru" ixtisası da əlavə edilib. Beləliklə, ümumi ixtisas sayı 17-yə çatıb.
Bütün bu ixtisaslar dörd əsas profil üzrə qruplaşdırılır və emalatxanalarımız da məhz bu istiqamətlərə uyğun qurulur: Təmir-tikinti, xidmət, kənd təsərrüfatı və İKT Ölkə üzrə statistikaya nəzər salsaq, ən çox tələbatın aşpaz və qənnadçı ixtisaslarına olduğunu görürük. Eyni zamanda, İKT profili üzrə qrafik dizayn, kompüter operatorluğu və "Help Desk" kimi sahələrə də maraq və tələbat kifayət qədər yüksəkdir".
Zeynəb Tehranlı