Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan müstəqilliyini qazandığı gündən etibarən xarici siyasətini yalnız sağqalma refleksi ilə deyil, uzunmüddətli strateji düşüncə əsasında formalaşdıran postsovet dövlətlərindən biri kimi önə çıxır. Xüsusilə son illərdə rəsmi Bakının Rusiya, ABŞ, Avropa İttifaqı və Çin kimi qlobal və regional güclərlə eyni vaxtda balanslı və çevik siyasət aparması Azərbaycanı Cənubi Qafqazın passiv ölkəsi olmaqdan çıxararaq regional və qlobal güc balanslarında nəzərə alınmalı bir aktora çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Hacı Bayram Vəli Universitetinin müəllimi, ekspert Şuay Nilhan Açıkalın söyləyib.
O bildirib ki, Azərbaycanın beynəlxalq sistemdə çəkisini artıran əsas amillərdən biri enerji diplomatiyasıdır. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanı təkcə hidrokarbon ixracatçısı deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin struktur tərkib hissəsinə çevirib. Bu kontekstdə enerji Azərbaycan xarici siyasətində uzunmüddətli əməkdaşlıq təmin edən strateji alət kimi istifadə olunur. Bu baxımdan da Avropanın Rusiya enerji mənbələrindən asılılığını azaltmaq səyləri Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb.
Qarabağ Zəfərindən sonrakı dövr: Yeni güc mövqeyi
“Müstəqillik dövrünün böyük hissəsini əhatə edən keçmiş Dağlıq Qarabağ məsələsi 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın xeyrinə nəticələndi. Bu hadisə təkcə hərbi qələbə deyil, Azərbaycanın uzun illərdir davam edən səbirli və çoxqatlı xarici siyasət strategiyasının nəticəsidir.
Qarabağ Zəfərindən sonra Azərbaycan bölgədə yeni reallıq yaratdı. Bu gün Bakı Cənubi Qafqazda təhlükəsizlik, nəqliyyat və enerji layihələrinin mərkəzində dayanır və regional sabitliyin əsas açar ölkələrindən biri kimi qəbul edilir”, - deyə Ş.N.Açıkalın vurğulayıb.
Bərpa olunan enerji, tranzit və sənaye: Vahid inkişaf modeli
Ekspert bildirib ki, son illərdə rəsmi Bakının ortaya qoyduğu əsas strateji yanaşma aydındır: enerji, tranzit və sənaye siyasətləri bir-birindən ayrı sahələr deyil, vahid inkişaf modelinin bir-birini tamamlayan komponentləridir. 2030-cu ilə qədər bərpa olunan enerji gücünün sürətlə artırılması hədəfi ekoloji seçim olmaqla yanaşı, təbii qaza əsaslanan iqtisadi modelin transformasiyasına yönəlmiş rasional addımdır. Bu transformasiya Azərbaycanın gələcəkdə həm “yaşıl enerji” mərkəzinə, həm də Avrasiya məkanında mühüm tranzit qovşağına çevrilməsini hədəfləyir.