AZ

Cənub sərhədimizdə gərginlik: ABŞ-İran eskalasiyası Azərbaycan ümün nə vəd edir?

“ABŞ və İran rəsmiləri tərəflər arasında birbaşa təmasların olmadığını desələr də, Vaşinqton-Tehran təmasları vasitəçilər yolu ilə baş tutur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq XİN başçısı qeyd edib ki, ABŞ-nin birinci və əsas tələbi İranın nüvə proqramı ilə bağlıdır:

“Bu tələb açıq şəkildə bəyan olunur. İkinci tələb İranın raket proqramına qadağa qoyulması ilə bağlıdır. Çünki İranın hazırkı raketləri bir çox uzaq hədəfləri vura bilər. O cümlədən, İsraili vuracaq İran raketləri də mövcuddur”.

Müsahibimiz vurğulayıb ki, ABŞ-nin tələbləri bu və ya digər şəkildə İsrailin tələblərini də əhatə edir:

“Tələb odur ki, İranda dəyişiklik baş verməli, rejim dəyişməli, din dövlət qurumlarından ayrılmalıdır. İranda dövlət strukturu fərqlidir. Bütün qurumlar ali dini rəhbərliyə tabedir. Həmçinin, SEPAH kimi dini strukturlu ayrıca qurumlar var. ABŞ və İsrail ilk növbədə bu dini qurumların ləğvini tələb edir. Söhbət ondan gedir ki, gündəmə gətirilən tələblər İran daxilində siyasi elitanın bir hissəsinin dəstəyini almaqdadır. Uzun zamandır İranda iki struktur arasında açıq rəqabət var. Ölkədə etirazlara daha diqqətlə və həssaslıqla yanaşan siyasi elita və qurumlar mövcuddur. Lakin rejim ABŞ və İsrailin tələblərinə birmənalı qarşıdır. Hazırda İranda etirazçılara qarşı ciddi təzyiqlər, repressiyalar var, qətllər törədilir. Vəziyyət gərgindir”.

T.Zülfüqarov əlavə edib ki, məhz belə məqamda ABŞ-yə məxsus donanmanın, hərbi strukturların bölgəyə yaxınlaşması irəli sürülən tələbləri Tehrana zorla qəbul etdirməkdir:

“ABŞ zərbələr endirərsə, bir neçə hədəfi aradan götürə bilər. İranın təxminən 85 faiz ixracı Fars və Ərəb körfəzindəki limanlar üzərindən həyata keçirilir. Bu limanlar dağıdılarsa, İran çox çətin vəziyyətə düşə bilər. O cümlədən, yanacaq istehsalı ilə məşğul olan zavodlar da hədəfdir. Bu zavodlara zərbələr endirilərsə, hərbi əməliyyatların davamına ehtiyac qalmayacaq. Amma Qərb ehtiyat edir ki, İran Fars körfəzində ABŞ-nin və onun müttəfiqlərinin bazaları var. Onların müdafiəsinin yüksək olmadığı deyilir”.

Tofiq Zülfüqarov: ABŞ zərbələr endirərsə, bir neçə hədəfi aradan götürə bilər

Həmsöhbətimiz hesab edir ki, İranın cavab zərbələri Səudiyyə Ərəbistanında və Fars körfəzindəki ölkələrdə yerləşən hərbi bazaları vurmaq ola bilər. Dediyinə görə, bu da ciddi fəsadlara yol açar:

“Təbii ki, Azərbaycan cənub qonşusunun ərazisində hərbi əməliyyatların başlanmasını istəmir. Orada bizim soydaşlarımız yaşayır. Ona görə də gərginliyin siyasi dialoqlar nəticəsində həllini tapmasını istəyirik”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında İranı danışıqlara başlamayacağı təqdirdə, böyük hücumla hədələyib. ABŞ prezidenti İrana çağırış edərək bildirib ki, Tehran dərhal danışıqlar masasına əyləşməli və ədalətli razılaşmaya razı olmalıdır.

İranın BMT-dəki nümayəndəliyi isə ölkəsinin danışıqlara hazır olduğunu, lakin məcbur ediləcəyi təqdirdə, özünü müdafiə edəcəyini və misli görünməmiş tərzdə cavab verəcəyini bildirib.

Aydın Baxış

Seçilən
23
bakivaxti.az

1Mənbələr