Azərbaycandakı bütün qurumların istənilən qazma işindən əvvəl mərkəzləşdirilmiş platformaya bildiriş verməsini tələb edən məcburi "Qazıntıya başlamazdan əvvəl məlumatlandırma" ("Call Before You Dig") sistemi tətbiq edilməlidir.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.
"AmCham"ın ekspertləri tövsiyə edirlər ki, koordinasiyanın təmin edilməsi üçün hüquqi öhdəliklər, uyğunsuzluğa görə cərimələr müəyyən edilsin, eləcə də məlumatlara əsaslı planlaşdırma və zədələnmənin qarşısının alınması üçün yeraltı infrastrukturun rəqəmsal CİS (coğrafi informasiya sistemləri) əsaslı reyestri yaradılsın.
Sənəddə bildirilib ki, Azərbaycanda hələlik tikinti şirkətləri, kommunal xidmət təminatçıları və telekommunikasiya operatorları kimi qazma işləri aparan qurumlar arasında məcburi koordinasiya mexanizmi mövcud deyil: "Belə bir sistemin yaradılması yeraltı rəqəmsal infrastrukturun (fiber-optik kabellər, boru xətləri) qorunmasına, xidmətlərin fasiləsizliyinin təmin edilməsinə, təmir xərclərinin azalmasına və kritik infrastrukturun davamlılığına dair investor etimadının artırılmasına xidmət edər".