AZ

İKTA ən riskli provayderlərin adını açıqlayıb

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) 2025-ci ilin yekunlarına dair açıqladığı “E-Şikayət” indekslərinə əsasən, “Aztelekom”, “Selnet” və GSP MMC şikayət indeksini ən çox yaxşılaşdıran internet servis provayderləri (İSP) kimi fərqlənib.

İKTA-nın məlumatına görə, adı çəkilən provayderlərdə şikayət indeksinin azalması və müraciətlərə cavablandırma müddətinin 3–4 günədək endirilməsi şikayətlərin idarə olunması mexanizmlərinin daha effektiv qurulduğunu göstərir.

Az şikayət, lakin gec cavab

Hesabata əsasən, “Uninet” (Citynet) MMC il ərzində ən aşağı şikayət indeksinə malik provayderlərdən biri olub. Şikayət indeksi 0,41–0,60 intervalında dəyişsə də, bəzi rüblərdə müraciətlərə cavablandırma müddətinin 8–11 günə qədər uzanması reaksiya sürətinin artırılmasına ehtiyac yaradır. Mütəxəssislər bildirir ki, abunəçi bazasının genişlənməsi bu vəziyyəti risk faktoruna çevirə bilər.

Sürətli cavab, lakin sistemli problemlər

“Eurosel” MMC müraciətlərə əsasən 2–3 gün ərzində cavab versə də, 2025-ci ilin IV rübündə şikayət indeksinin 8,61-ə yüksəlməsi provayderdə davamlı xidmət problemlərinin mövcudluğuna işarə edir. Bu vəziyyət “tez cavab verilir, lakin problem tam aradan qaldırılmır” modeli kimi qiymətləndirilir.

Ən problemli provayderlər

İKTA-nın hesabatında “Uplink” MMC, eləcə də IV rübdə siyahıya daxil edilən “Flexnet” və “Sline” MMC həm yüksək şikayət indeksləri, həm də uzun cavablandırma müddətləri ilə ən riskli provayderlər sırasında göstərilib. Xüsusilə “Uplink” provayderində bəzi rüblərdə müraciətlərə cavab müddətinin 30 günədək uzanması istehlakçı hüquqları baxımından ciddi narahatlıq doğurur.

 

Seçilən
19
anews.az

1Mənbələr