Dövlət satınalmaları sahəsində şəffaflığın artırılması məqsədilə dövlət müəssisələrinin satınalmalarını tənzimləyən yeni qanun layihəsi hazırlanmalıdır.
"APA-Economics" xəbər verir ki, bu barədə Amerika Azərbaycan Ticarət Palatasının (AmCham) hesabatında bildirilib.
Qeyd olunub ki, son illər dövlət satınalmaları sahəsində, xüsusilə 2019-cu ildən etibarən elektronlaşdırma istiqamətində mühüm irəliləyişlər əldə olunub. 19 avqust 2023-cü il tarixində qəbul edilən və 2024-cü ildən qüvvəyə minən yeni “Dövlət satınalmaları haqqında” Qanun proseslərin şəffaflığının və səmərəliliyinin artırılmasına xidmət edir.
Bununla belə, hesabatda vurğulanır ki, müşahidə şurasının (direktorlar şurasının) tərkibi Azərbaycan Respublikasının Prezidenti və ya onunla razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxslərinin satınalmaları yeni qanunun tətbiq dairəsindən kənarda qalır. Bu isə bir sıra iri dövlət şirkətlərinin satınalma proseslərinin açıq mexanizmlərdən kənarda qalmasına, eləcə də özəl sektorun tenderlərdə iştirak imkanlarının məhdudlaşmasına səbəb olur.
AmCham bildirir ki, qanunun tətbiqindən iki il keçməsinə baxmayaraq, istisna edilən dövlət şirkətlərinin əksəriyyəti elektron satınalma və şəffaflıq üzrə müvafiq sistemlər formalaşdırmayıb. Halbuki bu müəssisələr ölkə iqtisadiyyatında mühüm rol oynayır və onların satınalmalarına böyük həcmdə vəsait yönəldilir.
Hesabatda təklif olunur ki, qanundan kənarda qalan dövlət müəssisələri üçün ayrıca qanun layihəsi hazırlanaraq, həmin qurumlarda şəffaflıq, ədalətlilik və inklüzivlik prinsiplərinə əsaslanan korporativ idarəetmə standartları tətbiq edilsin. Eyni zamanda, satınalma proseslərinin açıq elektron platformalar üzərindən – tender elanından qalibin müəyyənləşdirilməsinədək – həyata keçirilməsi təmin edilsin.
AmCham hesab edir ki, bu yanaşma dövlət vəsaitlərinin daha effektiv istifadəsinə və özəl sektorun dövlət satınalmalarında iştirak imkanlarının genişlənməsinə şərait yaradacaq.