AZ

Birmənbə metodu ilə satınalma: DİM 196 minlik tenderi bu şirkətə verdi

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət İmtahan Mərkəzi (DİM) "Enar Taxi" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə imtahanların keçirilməsinə cəlb edilən şəxslərin və imtahan materiallarının Bakı şəhəri ətrafı və şəhər daxili imtahan binalarına çatdırılması və geri qaytarılması xidmətlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 196 500 manatdır. 

Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. Bu isə satınalmanın şəffaflığı barədə müəyyən suallar yaradır. Məsələ burasındadır ki, "Enar Taxi"dən başqa da taksi şirkətləri var. Digər tərəfdən, sözügedən şirkətin göstərdiyi xidmət də alternativsiz deyil. Yəni, bu satınalmada birmənbə metodunun tətbiq edilməsinə heç bir zərurət yoxdur. 

Yeri gəlmişkən, DİM bundan əvvəl də "Enar Taxi" MMC ilə satınalma müqaviləsi imzalayıb. Bu fakt mediada "DİM tender keçirmədən taksi şirkəti ilə müqavilə bağladı" şəklində təqdim edilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Enar Taxi" MMC 2 aprel 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Quliyev Etibar Əliağa oğludur. 

Etibar Quliyev 2002-2007-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "Sərnişin Servis” MMC-nin, 2007-2010-cu illərdə Nəqliyyat Nazirliyinin 3 nömrəli Avtoparkının, 2010-2018-ci illərdə "Bakı Sərnişin Servis Avtobus Parkı” MMC-nin, 2018-2021-ci illərdə isə Bakı Nəqliyyat Agentliyinin tabeliyində "Zığ Avtoparkı” MMC-nin direktoru vəzifəsində işləyib. 

2024-cü ildə keçirilən parlament seçkilərində iştirak edən Etibar Quliyev Yeni Azərbayca Partiyasının (YAP) 31 saylı Suraxanı seçki dairəsindən namizədi olub.

Mediada gedən məlumatlara görə, "Enar Taxi” MMC-nin sahibi Ağacan Abbasovdur. Ağacan Abbasov "Bizim Taksi” MMC və "Call Center” QSC-nin də sahibidir.

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
qaynarinfo.az

1Mənbələr