AZ

"AmCham": Kvant texnologiyaları neft-qaz, nəqliyyat və bank sektorlarını təhdid edir

Azərbaycanda "Milli Post-Kvant Kriptoqrafiya Strategiyası"nın hazırlanması təklif olunur.

"Far.Az" xəbər verir ki, belə təkliflə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") dərc etdiyi "Ağ sənəd 2025" adlı hesabatında çıxış edir.

Sənəddə bildirilir ki, sözügedən strategiya "Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası", "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" və "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası" ilə uzlaşdırılmalıdır. "AmCham" ekspertlərinin tövsiyəsinə əsasən, qlobal yeniliklərin izlənməsi və strategiyanın mütəmadi yenilənməsi üçün Post-Kvant Kriptoqrafiya üzrə milli monitorinq işçi qrupu yaradılmalı, eyni zamanda NIST, ETSI və ITU kimi beynəlxalq qurumlarla kvant təhlükəsizliyi sahəsində əməkdaşlıq gücləndirilməlidir.

Hesabatda qeyd olunur ki, dövlət, sənaye və akademik sektorlar üçün kvant təhlükələri üzrə maarifləndirmə aparılmalı, dövlət və özəl sektor üçün kvant-təhlükəsiz texnologiyalar üzrə təlim və tədris proqramları hazırlanmalıdır. Bununla yanaşı, dövlət, maliyyə, enerji, telekommunikasiya və müdafiə sektorlarını əhatə edən kvant risk qiymətləndirilməsi həyata keçirilməli, uzunmüddətli məxfilik tələb edən məlumatlar və sistemlər müəyyən edilməlidir. Milli kriptoqrafik aktivlərin inventarı hazırlanmalı, kriptoqrafiyanın tətbiq olunduğu bütün sahələr (TLS, VPN, PKI, elektron imza və s.) dəqiqləşdirilməli və risk səviyyəsinə uyğun prioritetləşdirilməlidir.

Sənəddə vurğulanır ki, milli kibertəhlükəsizlik standartları və tənzimləmələri post-kvant tələblərini əhatə edəcək şəkildə yenilənməlidir. Dövlət qurumları və kritik infrastruktur üçün minimum kriptoqrafik davamlılıq tələbləri müəyyən edilməli, kriptoqrafik alqoritmlərin çevik şəkildə dəyişdirilməsi imkanları məcburi qaydada nəzərdə tutulmalıdır. Eyni zamanda dövlət e-xidmətləri, Mərkəzi Bank və hərbi kommunikasiya kimi kritik sahələrdə post-kvant kriptoqrafiya üzrə pilot layihələrin icrası və standartlar təsdiqləndikdən sonra mərhələli keçidin təmin edilməsi tövsiyə olunur.

Hesabatda, həmçinin universitetlər və özəl sektorun tədqiqat və inkişaf (R&D) qrupları ilə əməkdaşlığın genişləndirilməsi, yerli kriptoqrafiya araşdırmalarının dəstəklənməsi və təhlükəsiz rəqəmsal infrastruktur sahəsində innovasiyaların təşviqi vacib sayılır. Kvant təhlükəsizliyi üzrə müttəfiq ölkələr və regional tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi, qlobal kvant davamlılığı proqramlarında, sertifikatlaşdırma təşəbbüslərində və məlumat mübadiləsi platformalarında iştirakın təmin edilməsi də tövsiyələr sırasındadır.

Sənəddə bildirilir ki, orta və uzunmüddətli perspektivdə kvant hesablama Azərbaycanın təhlükəsizliyi və iqtisadiyyatı üçün ciddi kibertəhlükəsizlik çağırışları yaradır. Qeyd olunur ki, kvant kompüterləri geniş istifadə olunan RSA və ECC kimi şifrələmə metodlarını sındıra bilər ki, bu da dövlət, maliyyə və kritik infrastruktur sistemlərinin, o cümlədən bankçılıq və e-hökumət platformalarının təhlükəsizliyini ciddi risk altına qoyur. Bu vəziyyət rəqəmsal sistemlərə və elektron xidmətlərə etimadı zəiflədə, rəqəmsal transformasiya proseslərini ləngidə və ictimai inama zərbə vura bilər, hesabatda vurğulanır.

Bundan əlavə, qeyd olunur ki, düşmən subyektlər hazırda şifrələnmiş məlumatları ələ keçirərək gələcəkdə kvant imkanlarından istifadə etməklə onları deşifrə edə bilərlər. Bu isə həssas dövlət və kommersiya məlumatlarının komprometasiya olunmasına, neft, qaz və nəqliyyat kimi strateji sahələrdə əqli mülkiyyətin oğurlanması və diversiya risklərinin artmasına səbəb ola bilər. Regionun strateji əhəmiyyəti nəzərə alınaraq, Azərbaycanın qabaqcıl xarici aktorların kvant əsaslı kiber əməliyyatları üçün potensial sınaq meydanına çevrilə biləcəyi qeyd olunur.

Seçilən
57
2
far.az

3Mənbələr