AZ

Moskvada ilginc vəziyyət: Putinlə görüşdə fərqlilik yaşandı Şərtlər qəbul edilir?

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanın ötən gün Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü diqqət çəkdi.

Görüş zamanı bir sıra ikitərəfli məsələlər müzakirə olunub. Bu, Dəməşqdə hökumət dəyişikliyindən sonra Şaraanın Moskvaya ikinci səfəridir.

Globalinfo.az-a danışan suriyalı türkmən politoloq, doktor Fateh Muxtar Beydilli deyib ki, siyasi hadisələr ani jestlər və ya ayrı-ayrı ifadələr üzərindən deyil, onların baş verdiyi kontekst və ortaya çıxardığı nəticələr əsasında təhlil edilməlidir:

“Əhməd Əl Şaraanın Moskvaya səfəri də bu baxımdan qiymətləndirilməlidir. Bu hadisə nə diplomatik nəzakət jesti, nə də təsadüfi siyasi ritorika kimi izah oluna bilər. Əksinə, uzunmüddətli qarşıdurmadan sonra Suriyanın siyasi mübarizə alətlərini yenidən formalaşdırdığını göstərən planlı bir addımdır. Prezident Əhməd Əl Şaranın Moskvaya səfəri geri çəkilmə və ya zəifləmə kontekstində reallaşmayıb. Bu səfər, beynəlxalq sistemdə mövqelərin yenidən qurulduğu bir mərhələdə həyata keçirilmiş, hesablanmış siyasi qərar kimi qiymətləndirilməlidir. Beynəlxalq münasibətlərdə qarşı tərəfin gücünü qəbul etmək məğlubiyyət deyil. Əksinə, real güc balansını tanımaq və bu çərçivədə yeni siyasi reallıq formalaşdırmaq strateji üstünlüyün əsas şərtidir.

Zəif tərəfi məğlub etmək siyasi baxımdan dəyər yaratmır. Əsl siyasi nəticə, daha böyük güc tərəfindən dəstəklənən bir layihə ilə qarşı-qarşıya qalaraq ona öz şərtlərini qəbul etdirməkdən ibarətdir. Bu, siyasi mübarizənin taktiki deyil, strateji səviyyədə aparıldığını göstərir”.

Politoloq bildirib ki, bu prosesdə diqqət çəkən əsas məqam deyilən bəyanatlardan çox, verilməyən güzəştlərdir:

“Yeni Suriya diplomatiyası dövlət suverenliyi, ərazi bütövlüyü və milli qərarvermə müstəqilliyi kimi fundamental prinsiplərdən imtina etdiyini göstərən heç bir açıq və ya gizli mesaj verməyib. Məhz bu nöqtədə siyasi praqmatizm ilə prinsipsiz siyasi manevr arasında aydın sərhəd yaranır.

Siyasətdə müəyyən “qırmızı xətlər” mövcuddur və bu xətlər danışıqlar prosesindən asılı olmayaraq toxunulmaz qalmalıdır. Milli prinsiplər razılaşma predmeti deyil, bütün danışıqların üzərində qurulduğu institusional çərçivədir. Dövlətin ali marağı əsas meyar olduqda, ritorik və ya ictimai təsir məqsədli mövqelər ikinci plana keçir”.

Muxtar Beydilli

Ekspert deyib ki, Moskvada istifadə olunan ölçülü və sakit siyasi dil kompromis kimi deyil, beynəlxalq sistem daxilində rasional mövqelənmə kimi başa düşülməlidir:

“Güclü dövlət öz varlığını emosional çıxışlarla deyil, qərar qəbul edilən platformalarda təsir imkanları yaratmaqla təsdiqləyir. Rusiya siyasi təcrübəsində əsasən asılılıq və təhlükəsizlik müqabilində güzəşt modelləri ilə işləməyə öyrəşib. Lakin bu dəfə qarşısında fərqli davranış modeli ortaya qoyuldu: hegemonluğun ritorika ilə yox, uzunmüddətli və soyuqqanlı siyasi hesablamalarla formalaşdığını anlayan bir siyasi iradə.

Burada diqqətəlayiq paradoks mövcuddur. Keçmişdə dövlətin əsas səlahiyyətlərini təhlükəsizlik adı altında təhvil verən siyasi aktorlar bunu yüksək səsli və nümayişkaranə ritorika ilə müşayiət edirdilər. Bu gün isə diplomatik alətlərlə kifayətlənən yanaşma, əslində, dövlət suverenliyinin əsas elementlərinin artıq qorunduğunu göstərir.

Suriyanın milli maraqları ani siyasi addımlarla və ya ictimai rəyin emosional gözləntiləri ilə ölçülmür. Bu maraqlar dövlətin müstəqil qərarvermə qabiliyyətini möhkəmləndirmək, ərazi bütövlüyünü qorumaq və daxili sabitliyi pozmadan gələcəyini təmin etmək imkanları ilə müəyyən olunur.

Nəticə etibarilə, ayıq-sayıq siyasətdə strateji məqsədlər dəyişməz qalır, istifadə olunan vasitələr isə vəziyyətə uyğun olaraq dəyişir. Vasitələrlə prinsipləri qarışdırmaq isə həm məqsədin, həm də siyasi legitimliyin itirilməsinə gətirib çıxarır. Bu səbəbdən Moskvada baş verənlər güzəşt kimi deyil, dövlət maraqlarını əsas prinsip kimi qəbul edən və diplomatiyanı bu maraqlara xidmət edən suveren bir alət kimi istifadə edən siyasi yanaşma olaraq qiymətləndirilməlidir”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
globalinfo.az

1Mənbələr