AZ

Bakıda skuter xofu: Küçələrdən yığışdırılır?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son illər paytaxtda elektron skuterləri sayı sürətlə artır.

Xüsusilə münasib qiymətə təklif olunması bu nəqliyyat vasitələrini gənclər arasında daha cəlbedici edib. Lakin statistikalar göstərir ki, skuterlərin səbəb olduğu yol-nəqliyyat hadisələrinin sayı da nəzərəçarpacaq dərəcədə çoxalıb.

Təhlükəsizlik avadanlıqlarından istifadə olunmaması və sürət qaydalarının pozulması skuterlə bağlı ağır xəsarətlərin əsas səbəblərindən hesab olunur.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktor müavini Nizami Məmmədov bildirir ki, son illər elektron skuterlərin geniş yayılması bu növ xəsarətlərin artmasına gətirib çıxarıb. 

Bu halların bir hissəsi avtomobil qəzası kateqoriyasına daxildir və ümumi yol-nəqliyyat hadisələrinin statistik göstəricilərində öz əksini tapıb.

Yol-nəqliyyat hadisələrinin artmasına səbəb olduğu bildirilən skuterlər şəhərdən yığışdırılmalıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eskperti Eldəniz Cəfərov bildirib ki, skuter idarə edən məsuliyyətsiz vətəndaşlar səbəbindən qəzalara günbəgün artır:

“Təəssüf ki, bəzi gənclər elektron skuterləri əyləncə vasitəsi kimi qəbul edir. Halbuki qanunvericilikdə onlar kiçik mühərrikli nəqliyyat vasitəsi hesab olunur. Skuteri idarə edən şəxslər mütləq yol hərəkəti qaydalarına əməl etməlidir. 

Bu nəqliyyat vasitəsini idarə edən vətəndaş bilməlidir ki, hər hansı səhv və qayda pozuntusuna görə cərimə tətbiq olunur. Bu cərimələr 50 manatdan başlayaraq 150 manata qədərdir. 

Təəssüf ki, bunu nəzərə almayan məsuliyyətsiz vətəndaşlar səbəbindən qəzalara tez-tez rast gəlinir”.Onun sözlərinə görə, elektron skuteri yalnız bir nəfər idarə edə bilər, iki nəfərin hərəkəti qadağandır:

“Skuterlə yalnız mikromobilik zolağında hərəkət etmək olar, yəni velosiped zolağı olan ərazidə sürmək mümkündür. Əgər belə zolaq yoxdursa, avtomobil yolunun sağ birinci zolağı ilə hərəkət etmək olar. Piyada səkisində sürmək isə qəti qadağandır.

Skuter idarə edilərkən ön və arxa fənərlər sutkanın bütün saatlarında işlək vəziyyətdə olmalıdır. Bu kimi elementar qaydalara əməl edilmədikdə qəzalara səbəb olur. Əslində isə şəhər mühitində mikromobilik vasitələri qısa məsafələri qət etmək üçün çox əlverişlidir”.

Ekspert qeyd edib ki, elektron skuterlər yığışdırılmamalıdır:

“Yay boyunca Dövlət Yol Polisi, payızda isə Azərbaycan Yeriüstü Nəqliyyat Agentliyi bu nəqliyyat vasitələrinin idarə olunması qaydaları ilə bağlı geniş maarifləndirmə işləri aparmış və qaydaları ətraflı izah etmişdir. Amma görürük ki, qaydaları bilərəkdən və ya bilməyərəkdən pozan gənc vətəndaşlar var.

Düşünmürəm ki, belə skuterləri yığışdırmaq lazımdır. Əksinə, şəhər mühitində insanların qısa məsafələri rahat qət edə biləcəyi alternativ nəqliyyat vasitələri üçün şərait yaradılmalıdır. Bu, qısa məsafələr üçün çox əlverişli nəqliyyat vasitəsidir”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

skuter Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr