AZ

Ötən il seçilən ən gənc bələdiyyə üzvü: "Diplomat olacam"

Gənc yaşda ictimai-siyasi fəaliyyətə qoşulmaq və məsuliyyətli qərarların qəbul olunduğu orqanlarda təmsil olunmaq hər kəsə nəsib olmur.

2025-ci ilin yanvarında Masallı bələdiyyəsinə üzv seçilən 18 yaşlı Həsən Səlimov artıq bir illik təcrübəsini paylaşır.

Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan H.Səlimov bir il ərzində yerli idarəetmədə qazandığı praktiki bacarıqlar, gənc seçicilərin maraqlarını müdafiə etmək və yerli problemlərə həll yolları təqdim etmək imkanlarını dəyərləndirib.

AzEdu.az bu münasibətlə gənc yaşda əldə etdiyi uğurların arxasında dayanan amillər, bələdiyyə fəaliyyəti, təhsil həyatı və gələcək planları barədə Həsən bəylə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Həsən bəy, gənc olmağınıza baxmayaraq bələdiyyədə fəaliyyət göstərirsiniz. Bu vəzifədə qarşıya qoyduğunuz ən böyük məqsəd nədir?

- Mən Masallı rayonunun Dəfnə Məktəb Liseyinin məzunuyam. 2013-cü ildə birinci sinfə başlamışam və 2021-ci ilin iyun ayında orta təhsilimi başa vurmuşam. Elə həmin ilin sentyabr ayında Azərbaycan Universitetinə qəbul olmuşam. Hazırda universitetin Humanitar və Sosial Elmlər fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə üçüncü kurs tələbəsiyəm.

Gələcək fəaliyyətimdə diplomat olmağı arzulayıram və bütün təhsil və ictimai fəaliyyətimi bu məqsəd istiqamətində qurmuşam. 2023-cü ilin 29 yanvar tarixində Masallı Bələdiyyəsinə ən gənc üzv kimi seçilmişəm və hazırda bələdiyyə fəaliyyətimi davam etdirirəm.

- Bu uğuru qazanmağınızda hansı amillər sizin üçün ən önəmli oldu?

- Bələdiyyə üzvü seçilməyimdə əsas faktorlardan biri Anavətən Partiyasının sabiq sədri, hörmətli Fəzail Ağamalının mənə göstərdiyi etimad oldu. Bu etimadı doğrultmaq üçün bütün gücümlə çalışdım. Hazırkı sədrimiz Cüneyt xanım Ağamalı da bu yolda mənə güvəndiyini şəxsən bildirib və gələcək fəaliyyətimlə bağlı uğurlar arzulayıb. Bu cür dəstək və inam mənim üçün böyük motivasiya mənbəyidir.

- 18 yaşınızda bələdiyyə üzvü kimi etimad qazananda hansı hissləri yaşadınız?

176801

- Açığı, bu hadisə məndə həm böyük həyəcan, həm də yüksək məsuliyyət hissi yaratdı. Çünki çox gənc yaşda belə bir etimad qazanmaq asan deyil. Amma etiraf etməliyəm ki, bu yol mənim üçün sürpriz deyildi. Uşaqlıqdan bu sahəyə marağım olub, öz bacarıqlarımı tanıyırdım və bu məsuliyyətin öhdəsindən gələ biləcəyimə inanırdım.

- Masallı bələdiyyəsinin ən gənc üzvü olmaq sizə hansı üstünlükləri gətirdi, çətinliklər yaratdı?

- Açığı, ciddi çətinliklə qarşılaşmadım. Əksinə, bu status mənə əlavə məsuliyyət və daha çox özgüvən qazandırdı. Mənə göstərilən etimad sayəsində özümü daha da inkişaf etdirməyə çalışıram. Bu, mənim üçün böyük üstünlükdür.

- Bir il ərzində bələdiyyədə fəaliyyətiniz zamanı sizin üçün ən böyük dərs və ya nailiyyət nə oldu?

- Ən böyük qazancım təcrübə oldu. Bələdiyyədə çalışarkən daha təcrübəli əməkdaşlarla yaxından tanış olur, onlarla fikir mübadiləsi aparıram. Bu işin incəliklərini öyrənir, qərarvermə proseslərinin necə formalaşdığını müşahidə edirəm. Bu təcrübə gələcək fəaliyyətim üçün çox dəyərlidir.

Gənc yaşda bələdiyyə üzvü olmağınız cəmiyyətin sizə münasibətinə necə təsir edir?

176789

- Təbii ki, müxtəlif reaksiyalar var. Bəzi insanlar bu yaşda bələdiyyə üzvü seçilməyimi düzgün hesab etmir. Amma böyük əksəriyyət bunu müsbət qarşılayır. Mən də düşünürəm ki, hazırda ölkəmizin savadlı və fəal gənc kadrlara ehtiyacı var. Ulu öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi kadr islahatları da məhz bu məqsədə xidmət edir.

- Universitetdə aldığınız nəzəri biliklər bələdiyyədə fəaliyyətinizə necə təsir göstərir?

- Bəli, tam şəkildə. Universitetdə dərs deyən müəllimlərimin əksəriyyəti bu sahəni dərindən bilən və anlayan insanlardır. Xüsusilə politoloq Samir Hümbətov mənə bu yolda ciddi dəstək olur, öz bilik və təcrübəsini mənimlə bölüşür. Universitet rəhbərliyi də bələdiyyə üzvü seçilməyimi müsbət qiymətləndirib və bunu uğurlu seçim kimi dəyərləndirib.

- Gənclərin yerli idarəetmədə daha fəal iştirakı üçün hansı addımlar atılmalıdır?

- Gənclər sosial şəbəkələrdə və ictimai müzakirələrdə daha aktiv olmalıdırlar. Xüsusilə Azərbaycan haqqında yanlış məlumatlar yayanlara qarşı düzgün mövqe nümayiş etdirmək vacibdir. Maarifli və savadlı gənclər bu prosesdə ön sırada olmalıdırlar.

-  Masallı gəncləri ilə bağlı gələcək planlarınız varmı?

- Hələlik konkret layihə yoxdur. Amma gələcəkdə Masallı gəncləri ilə görüşlər təşkil edib, onlarla təcrübəmi və hədəflərimi bölüşmək istərdim. Bu, onları da ictimai fəaliyyətə həvəsləndirə bilər.

- Siyasətə və ictimai fəaliyyətə maraq göstərən gənclərə nə tövsiyə edərdiniz?

176788

- Ən əsası, dərslərinə ciddi yanaşsınlar, savadlı olsunlar. Dövlət xadimlərinin fəaliyyətini öyrənsinlər, dövlətimiz və diplomatiya haqqında dərin biliklərə yiyələnsinlər. Bu yolu şüurlu şəkildə seçmək çox vacibdir.

- Gələcək hədəfləriniz barədə nə demək istərdiniz?

- Ən böyük hədəfim dövlətimə, xalqıma layiqincə xidmət etməkdir. İnşallah, gələcəkdə daha məsuliyyətli və yüksək vəzifələrdə çalışaraq bu məqsədimə çatacağam. Dövlətimlə iç-içə olmaq və faydalı olmaq mənim üçün ən ali arzudur.

Seçilən
2
azedu.az

1Mənbələr