AZ

DVX-nin rəis müavini Milli Biznesin İnkişafı Forumunda çıxış edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva “Caspian Energy Club”un təşkilatçılığı ilə keçirilən Milli Biznesin İnkişafı Forumunda iştirak edib.

Tədbirdə çıxış edən DVX-nin rəis müavini bu platformanın dövlət orqanlarının nümayəndələri tərəfindən sahibkarların birbaşa dinlənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 2026-cı ildə dünyada müşahidə olunan çağırışlar və iqtisadi qeyri-müəyyənliklər fonunda sahibkarlar dövlət siyasətini, iqtisadi mühiti və üzərlərindəki fiskal yükü daha dərindən anlamağa ehtiyac duyurlar.

Bu yanaşmanın tamamilə anlaşılan olduğunu qeyd edən Samirə Musayeva DVX də daxil olmaqla bütün aidiyyəti qurumların qlobal tendensiyaları yaxından izlədiyini, eyni zamanda dövlət başçısı tərəfindən təsdiq olunmuş sosial-iqtisadi inkişaf strategiyasının hədəflərinə uyğun islahatların ardıcıl şəkildə davam etdirildiyini diqqətə çatdırıb.

Biznesin fəaliyyəti ilə bağlı məsələlərə toxunan Samirə Musayeva sahibkarların qaldırdıqları məsələlərə çevik reaksiya verilməsinin DVX-nin fəaliyyətində başlıca prioritetlərdən olduğunu bildirib. Qeyd edib ki, DVX ölkədə biznes üçün iqtisadi mühitin təmin edilməsi və sahibkarlıq fəaliyyəti zamanı yaranan çətinliklərin aradan qaldırılması istiqamətində sahibkarların ictimai birlikləri və özəl sektorla yaxından əməkdaşlıq edir.Sahibkarlar tərəfindən qaldırılan və DVX-nin səlahiyyətinə aid olan məsələlərin çevik həlli istiqamətində Xidmətin tədbirlər planı da mövcuddur.

Vergi orqanları qarşısında duran məsələlər barədə danışan rəis müavini bildirib ki, 2025-ci ilin sonunda dövlət başçısı tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafına, həmçinin ölkədə gender bərabərliyinin təmin olunmasına dair dövlət proqramları qəbul edilib. Bu sənədlərdə nəzərdə tutulan hədəflərin icrasından irəli gələn vəzifələrlə bağlı DVX tərəfdindən də müvafiq addımlar atılacaq.

Sonra tədbirdə sahibkarlar tərəfindən qaldırılan suallar cavablandırılıb.

Seçilən
0
vergiler.az

1Mənbələr