ABŞ prezidenti Donald Tramp Suriya ilə təhlükəsizlik razılaşması əldə etmək üçün İsrailə təzyiqi artıraraq baş nazir Binyamin Netanyahuya bir ay vaxt verib.
Publika.az xəbər verir ki, bu barədə "Middle East Eye" xəbər portalı məlumat yayıb.
Bildirilib ki, ABŞ İsrail və Suriyaya mart ayına qədər təhlükəsizlik razılaşması əldə etmək üçün təzyiq göstərsə də, İsrailin Hermon dağını qırmızı xətt kimi təyin etməsi razılaşmaya maneə olaraq qalır. İddiaya görə, heç bir tərəf bu məsələdə güzəştə getməyib, lakin bu aradan qaldırılarsa, razılaşma tezliklə elan edilə bilər.
Tramp və suriyalı həmkarı Əhməd Əl Şaraa arasında telefon danışığında da bu məsələnin müzakirə olunduğu qeyd edib. İddiaya görə, Tramp Şaraaya Netanyahuya Dəməşqlə təhlükəsizlik müqaviləsini yekunlaşdırmaq üçün bir ay vaxt verdiyini və vahid Suriya görmək istədiyini söylədiyini bildirib.
Portala danışan suriyalı rəsmi danışıqlarda irəliləyiş əldə edildiyini və tezliklə nəticə gözlədiklərini söyləyib. Lakin bir Qərb rəsmisinin sözlərinə görə, İsrailin Hermon dağı ilə bağlı mövqeyi bir ay ərzində dəyişməyəcək.