AZ

UEFA reytinqi: “Qarabağ” Azərbaycanı 26-cı sıraya daşıdı – ARENA.AZ

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) Liqa mərhələsinin sonuncu – 8-ci turunun oyunlarından sonra reytinq siyahısı yenilənib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu həftə İngiltərənin “Liverpul” komandası ilə qarşılaşıb və 0:6 hesablı məğlubiyyətə üzülüb.

Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vurmuş “Qarabağ” daha 0,750 bonus əmsalı qazanıb. Bu nəticə Azərbaycana UEFA reytinqində Sloveniyanı geridə qoymağa imkan verib.

Hazırda Azərbaycan 22,937 əmsalla 26-cı yerdə qərarlaşıb. Sloveniyanın aktivində isə 22,843 əmsal var. Lakin 26-cı pillə uğrunda mübarizə hələ başa çatmayıb. Sloveniyanın Konfrans Liqasında bir təmsilçisi – “Çelye” komandası qalır. Bu komanda 1/16 final mərhələsində Kosovo təmsilçisi “Drita” ilə qarşılaşacaq. “Çelye” “Qarabağ”ın PSJ və ya “Nyukasl”la oyunları ilə müqayisədə daha çox xal toplamaq şansına malikdir. Bu səbəbdən Azərbaycanın 26-cı yeri qoruması asan olmayacaq.

Cari mövsümdə Azərbaycan klubları ümumilikdə 23,250 əmsal toplayıblar. Bu göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq əmsalı əldə olunur.

5,812 əmsal Azərbaycan klub futbolu tarixində ən yüksək nəticə deyil. Rekord 2023/2024-cü illər mövsümündə qazanılmış 5,875 əmsal olub. “Qarabağ” qarşıdakı 1/16 final mərhələsinin iki oyununda heç olmasa bir dəfə məğlubiyyətsiz çıxış edərsə, bu rekord yenilənəcək.

Qeyd edək ki, bu mövsüm toplanan 23,250 əmsaldan 18,750-si məhz “Qarabağ”ın payına düşür. Ağdam klubu UEFA Çempionlar Liqasının seçmə mərhələsində 5 əmsal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus əmsalı, əsas mərhələdə 7 əmsal, 22-ci yerə görə isə əlavə 0,750 bonus əmsalı qazanıb.

Klub reytinqində “Qarabağ” 42,750 əmsalla 58-ci yerdə qərarlaşıb. Qurban Qurbanovun komandası bu mövsüm klub reytinqi üçün topladığı xallara görə də rekord müəyyənləşdirib. Hazırda “Qarabağ”ın aktivində 13,750 əmsal var. Əvvəlki rekord 2023/2024-cü illər mövsümündəki 11 əmsal idi.

Xatırladaq ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə hazırda İngiltərə başçılıq edir – 110,908. İtaliya (95,196) ikinci, İspaniya (89,328) üçüncü, Almaniya (86,402) dördüncü, Fransa (77,891) beşincidir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
28
arena.az

1Mənbələr