BAKI, TurkicWorld, Orxan Qədirzadə
Yeni qlobal nizamda Avropanın maraqlarını qorumaq üçün birlik və güc amili ön plana çəkilir.
TurkicWorld xəbər verir ki, Almaniya kansleri Fridrix Merts yanvarın 29-da Bundestaqda çıxışı zamanı Avropa ölkələrini daha sıx həmrəyliyə və güclü siyasi mövqeyə çağırıb. Kanslerin sözlərinə görə, formalaşmaqda olan yeni dünya nizamında Avropa yalnız özünü güc mərkəzi kimi təqdim etdiyi təqdirdə maraqlarını qoruya biləcək.
Fridrix Merts bildirib ki, dünya getdikcə böyük güclərin dominant olduğu bir sistemə doğru irəliləyir və Avropa bu reallığın “sərt küləyini” artıq hiss edir. Onun fikrincə, Avropa beynəlxalq hüquq və əməkdaşlıq prinsiplərinə sadiq qalmaqla yanaşı, güc amilini də nəzərə almalıdır.
Kansler Avropanın qarşısında duran üç əsas prioriteti vurğulayıb. Birinci istiqamət təhlükəsizlik məsələsidir. Merts qeyd edib ki, Avropa öz təhlükəsizliyinə daha çox məsuliyyət götürməli, texnoloji və hərbi asılılıqları, o cümlədən ABŞ-ın nüvə təhlükəsizlik çətirindən asılılığı tədricən azaltmalıdır.
İkinci əsas istiqamət iqtisadi rəqabət qabiliyyətidir. Kansler Avropa ilə ABŞ və Çin arasında iqtisadi artım tempində yaranan fərqin dərinləşdiyini qeyd edərək, bu tendensiyanın dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Üçüncü mühüm amil kimi Avropa birliyi önə çəkilib. Merts Qrenlandiya ətrafında yaranmış gərginliyi misal gətirərək, Avropanın vahid mövqeyinin ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı ölkələrinə qarşı rüsum təhdidlərindən geri çəkilməsində rol oynadığını bildirib. Onun sözlərinə görə, birlik beynəlxalq müstəvidə real güc faktorudur.
Çıxışında ABŞ-la münasibətlərə də toxunan Almaniya kansleri Vaşinqtonla tərəfdaşlığın davam edəcəyini bildirsə də, Almaniyanın siyasi baxımdan ABŞ-a tabe olmayacağını vurğulayıb. O, Əfqanıstan missiyası ilə bağlı ABŞ rəhbərliyinin bəzi açıqlamalarını tənqid edərək, bu əməliyyatda həlak olan alman hərbçilərin xidmətinin əhəmiyyətini xüsusi qeyd edib.
Merts həmçinin Avropanın xarici iqtisadi siyasətdə yeni tərəfdaşlıqlara ehtiyac duyduğunu bildirib, Avropa İttifaqının Mercosur ölkələri ilə sazişini və Hindistanla ticarət razılaşmasının əhəmiyyətini önə çəkib.