AZ

Süni intellekt kriminalistikanın əsas prinsiplərindən birini şübhə altına aldı

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Süni intellekt kriminalistikanın əsas prinsiplərindən birini - barmaq izlərinin tam unikal olması anlayışını – şübhə altına alıb. 

Qaynarinfo xəbər verir ki, "Daily Galaxy"nin yazdığına görə, bu kəşf həm məhkəmə təcrübəsinə, həm də biometrik təhlükəsizlik sistemlərinə geniş təsir göstərə bilər.

Bir əsrdən çox müddət ərzində hesab olunurdu ki, heç bir halda iki barmaq izi eyni ola bilməz, hətta bir insanın müxtəlif barmaqları arasında belə. Məhz bu inam üzərində kriminoloji metodlar, polis işləri və məhkəmə qərarları bütün dünyada qurulmuşdu. Lakin yeni nəsil maşın öyrənmə alqoritmləri alimləri bu aksiomaya yenidən baxmağa vadar edib. Bu tədqiqat "Science Advances" jurnalında dərc olunub.

Kolumbiya Universiteti və Buffalo Universitetinin komandası dərin kontrast öyrənmə modelindən istifadə edib, modeli bir neçə nüfuzlu biometrik bazadan götürülmüş 60 mindən çox barmaq izi şəkilləri üzərində öyrədib. Nəticələr gözlənilməz olub: sistem 99,99%-dən çox dəqiqliklə müəyyən edə bilib ki, iki müxtəlif barmaq izi eyni şəxsə məxsusdur, həmçinin eyni şəxsin fərqli barmaqlarının izlərini müqayisə edərkən təxminən 77% dəqiqlik göstərib.

Əsas məqam ondadır ki, alqoritm klassik "detallar” – ucların forması və ya dalğalanmalar – əsasında işləməyib. Bunun əvəzinə o, "xətlərin orientasiyası və əyriliyi”, yəni daha geniş struktur nümunələrini analiz edib. Müəlliflərin qeyd etdiyi kimi, bu geniş struktur nümunələri insanın bütün barmaqlarında, hətta əllər arasında da eyni şəkildə özünü göstərir.

Bu texnologiyanın praktik effekti böyük ola bilər. Məsələn, qismən və ya keyfiyyətsiz barmaq izi olduqda, hansı ki, cinayət yerində tez-tez rast gəlinir, şəxsin müəyyənləşdirilməsi çox sürətlənə bilər.

"Müasir sistemlər çox vaxt hər bir şəxsin bütün on barmaq izinin mövcud olmasını tələb edir. Yeni süni intellekt metodu əhəmiyyətli dərəcədə səmərəliliyi artırır. Bir simulyasiya olunmuş məhkəmə-tibbi testdə model şübhəlilərin siyahısını 1000 nəfərdən azı 40 nəfərədək azaldıb. Barmaqlarda təkrarlanan struktur xüsusiyyətləri aşkar etməklə süni intellekt müxtəlif cinayət yerlərində tapılmış izləri, hətta fərqli barmaqlardan olsa belə, birləşdirə bilir", deyə "Daily Galaxy" yazıb.

Lakin tədqiqatçılar vurğulayır ki, model məhkəmə identifikasiyası üçün deyil, istintaq əlaqələrinin yaradılması üçün nəzərdə tutulub və hələ məhkəmələrdə birbaşa istifadə üçün hazır deyil.

Kriminalistikadan başqa, bu kəşf biometrik təhlükəsizliyə də təsir göstərə bilər. Giriş sistemləri, smartfonlar və sərhəd nəzarəti adətən hər barmaq izini ayrı identifikator kimi qəbul edir. Barmaqlar arasında aşkar olunan oxşarlıqlar həm potensial risklər, həm də üstünlüklər yaradır və tərtibatçıları autentifikasiya yanaşmalarını yenidən nəzərdən keçirməyə vadar edir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr