AZ

Tramp Federal Ehtiyat Sisteminin sədrini təhqir edib

ABŞ prezidenti faiz dərəcəsinin dəyişdirilməməsinə görə Cerom Pauelli sərt ifadələrlə hədəfə alıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) əsas faiz dərəcəsini dəyişməmək qərarını şərh edərkən qurumun sədri Cerom Pauelli təhqir edib. Tramp Truth Social sosial şəbəkəsindəki paylaşımında FES rəhbərini “debil” adlandırıb.

ABŞ prezidenti bildirib ki, hazırkı şəraitdə faiz dərəcələri xeyli aşağı olmalıdır. Onun sözlərinə görə, inflyasiya artıq problem və ya təhlükə hesab edilmir və bunu FES rəhbəri də etiraf edir. Tramp bu arqumentlərlə Cerom Pauellin qərarını kəskin tənqid edib.

Yanvarın 29-da FES İdarə Heyətinin sədri Cerom Pauell açıqlama verərək, tənzimləyici qurumun baza faiz dərəcəsini dəyişməmək barədə qərar qəbul etdiyini bildirib. Qərara əsasən, faiz dərəcəsi illik 3,5–3,75 faiz diapazonunda saxlanılıb. Pauell qeyd edib ki, FES hələlik növbəti faiz endiriminin vaxtı ilə bağlı dəqiq mövqe formalaşdırmayıb və bu məsələnin martın ortalarında keçiriləcək iclasda müzakirə olunub-olunmayacağı da hələ bəlli deyil.

Qeyd edək ki, bu, Trampın Cerom Pauelli ilk dəfə tənqid etməsi deyil. ABŞ prezidenti daha əvvəl də FES sədrini “idiot” adlandırmış, onun bu vəzifədə uzun müddət qala bilməyəcəyini iddia etmişdi. Tramp Pauelli həmçinin “qeyri-peşəkar” və “dürüst olmayan” rəhbər kimi xarakterizə edib. Ağ Ev rəhbəri hesab edir ki, FES-in hazırkı siyasəti ABŞ-nin iqtisadi maraqlarına ziddir və iqtisadi artımı ləngidir.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr