Bakının Xəzər rayonunda dostunun atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Zahid Bayramovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
İttiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.
Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Zahid Bayramov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hakim təqsirləndirilən şəxsə xatırladıb ki, ona ittiham olunduğu maddələrin sanksiyasına əsasən 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Məhkəmədə ifadə verən Z.Bayramov özünü ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, bu vaxta qədər şəxsiyyətini təsdiq edən sənədi olmayıb və bu səbəbdən atası Ədalət Bayramovla dəfələrlə mübahisə edib. Onun sözlərinə görə, uşaqlıqdan özünə qarşı doğma münasibət hiss etmədiyi üçün bir müddət həmin şəxsin onun bioloji atası olmadığına dair şübhələri yaranıb.
Hadisə ilə bağlı danışan təqsirləndirilən şəxs vurduğu adamın dostunun atası olduğunu bildirib. O qeyd edib ki, İnqilab Bayramov ona məhəlləyə çıxmaması barədə xəbərdarlıq edib, onu xuliqanlıqda və oğlunu narkotik vasitələrə cəlb etməkdə ittiham edib. Zahid Bayramov isə narkotik vasitələrdən əvvəllər istifadə etdiyini, lakin sonradan bundan imtina etdiyini deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı aralarında dəfələrlə mübahisə yaşanıb və qarşı tərəf ünvanına nalayiq ifadələr işlədib. Hadisə günü sənədlə bağlı evdə atası ilə mübahisə etdikdən sonra atası küçəyə çıxıb, o da onun ardınca gedib. Marketin qarşısında mübahisə davam edərkən İnqilab Bayramov yaxınlaşaraq əlindəki çubuqla onu vurub və söyüş söyüb. Bundan sonra o, üzərindəki bıçaqla zərərçəkmişə bir neçə zərbə endirib.
Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.
Qeyd edək ki, Zahid Bayramov barəsində Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ittiham irəli sürülüb.
Bizim.Media