AZ

Velosiped - skuter zolaqlarının Bakıda xeyirdən çox ziyanları üzə çıxır...



Elxan Əliyev: “Velosiped Bakı şəhərində idman və əyləncə növü kimi populyar olsa da…”

Bakıda son illər alternativ nəqliyyat növlərinin təşviqi məqsədilə salınan velosiped və skuter zolaqları cəmiyyətdə birmənalı qarşılanmır. Avtomobil sürücüləri bu zolaqların yaradılmasının gündəlik hərəkətə mənfi təsir göstərdiyini bildirirlər. Sürücülərin əsas narazılığı yolların eninin azalması ilə bağlıdır.

Belə ki, bəzi küçə və prospektlərdə velosiped və skuter zolaqlarının ayrılması nəticəsində avtomobillər üçün nəzərdə tutulan hərəkət sahəsi daralıb. Bu isə əvvəllər nisbətən rahat olan marşrutlarda nəqliyyat axınının zəifləməsinə, xüsusilə səhər və axşam pik saatlarda tıxacların daha da artmasına səbəb olur.

Bu məsələ millət vəkillərinin də narazılığına səbəb olub. Millət vəkili Hikmət Babaoğlu Milli Məclisin ötən iclasında məlum məsələyə toxunub. O, qeyd edib ki, Parlament prospektindən Milli Məclis istiqamətində yol daraldılaraq velosiped və skuter zolaqları yaradılıb: “Bunlar yaxşı təşəbbüsdür, etiraz etmirəm. Amma gəlin baxaq, əgər üç gün ərzində həmin yoldan bir nəfər belə velosiped sürmürsə, yolun daraldılmasının məntiqi nədir?”.

Doğrudanmı, paytaxtda hərəkətin iflic olmasında velosiped zolaqlarının rolu var?

Sosial sahə üzrə Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, velosiped Bakı şəhərində idman və əyləncə növü kimi populyar olsa da, nəqliyyat vasitəsi kimi mövqeyini möhkəmləndirə bilməyib: “Velosiped zolaqları həm sağlamlıq baxımından, həm də alternativ nəqliyyat şəbəkəsinin qurulması baxımından vacibdir. Gələcəkdə velosiped istifadəçilərinin sayı artdıqca, şəxsi avtomobildən istifadə edənlərin sayı azalacaq. Danılmaz faktdır ki, bu gün paytaxt yollarında sıxlıq yüksək səviyyədədir. Şəhərdə müşahidə olunan uzunmüddətli tıxacların yaranmasının müxtəlif səbəbləri var. Həmin səbəblərdən biri də velosiped zolaqlarının ayrılmasıdır.

Təsəvvür edin ki, sürücülər avtomobillərdə tıxacda qalır, lakin velosiped zolaqları boş qalır və hərəkət müşahidə olunmur. Belə olan halda narazılığın yaranması başa düşüləndir. Əgər velosiped zolaqlarından gün ərzində cəmi bir neçə nəfər istifadə edirsə, avtomobil yollarının daraldılması məqsədəuyğun hesab edilmir”.

Günel CƏLİLOVA

Seçilən
13
baki-xeber.com

1Mənbələr