AZ

WUF13-lə bağlı dövlət qurumlarının nümayəndələri üçün məlumatlandırma sessiyası keçirilib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində dayanıqlılıq prinsiplərinin təşviqi məqsədilə dövlət qurumlarının nümayəndələri üçün məlumatlandırma sessiyası təşkil olunub.

"Report"un məlumatına görə, sessiyada açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov WUF13 tədbirinin əhəmiyyətini vurğulayıb.

İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin sektor müdiri İlqar Qasımlı və EY şirkətinin Mərkəzi Asiya, Qafqaz və Ukrayna üzrə rəhbəri Viktor Kovalenko da çıxış edərək tədbirin şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik qlobal konfrans olduğunu və bu tədbirdə iştirakın vacibliyini bildiriblər.

WUF13 Azərbaycan Əməliyyat Şirkəti və EY Azərbaycan şirkətindən olan nümayəndələri davamlı şəhərsalma və bu sahədə qlobal və milli çağırışlar, eləcə də tədbirin dayanıqlılıq hədəfləri barədə təqdimat ediblər.

WUF13 zamanı keçirilməsi planlanan əsas sessiyalar, tərəfdaş təşkilatlarla tədbirlər, assambleyalar və dəyirmi masalar haqda məlumat verilib.

Milli təmsilçilik və iştirakçılığın əhəmiyyəti qeyd olunan sessiyada BMT-nin WUF13 üzrə koordinatoru Abdinassir Şel Saqar və 70-dən çox dövlət qurumunun nümayəndələri iştirak edib.

Qeyd edək ki, Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 tədbiri "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda bu ilin 17-22 mayda Bakıda keçiriləcək.

Seçilən
37
5
far.az

6Mənbələr