Kişilərin həyat tərzi münasibətlərin uzunömürlülüyündə ciddi rol oynayır. Xüsusilə də müntəzəm idman edən kişilərlə münasibətdə olan qadınların psixoloji vəziyyətinin daha stabil olduğu müşahidə edilir.Metbuat.az-ın məlumatına görə, bu barədə Yale Universitetinin mütəxəssisləri araşdırma aparıb. Araşdırmaya əsasən, müntəzəm fiziki aktivliklə məşğul olan kişilərin partnyorlarında daha az depressiya əlamətləri, daha müsbət ruh halı və daha sağlam beyin fəaliyyəti qeydə alınıb. Yəni idmanla məşğul olan tərəf kişi olsa da, psixoloji faydanın bir hissəsi qadına ötürülür. Bu təsirin səbəbi yalnız “əzələli kişinin daha cəlbedici görünməsi” kimi sadə izahla məhdudlaşmır. Alimlər bu nəticəni üç əsas faktorla izah edirlər: Stressin idarə olunması: İdman edən kişilər stressi daha effektiv şəkildə idarə edə bilirlər. Bu isə onların daha az aqressiv olmasına, emosional reaksiyalarının yumşalmasına və ümumilikdə davranışlarına nəzarət etməsinə kömək edir. Nəticədə münasibətdə daha təhlükəsiz, sakit və balanslı bir emosional mühit yaranır ki, bu da partnyora birbaşa təsir göstərir. Beyin kimyası: Fiziki məşq zamanı beyində BDNF (Brain-Derived Neurotrophic Factor) adlı maddə ifraz olunur. Bu maddə beynin özünü bərpa etməsinə və emosional tənzimləmənin yaxşılaşmasına şərait yaradır. Elmi dildə bu proses “neyroplastiklik” adlanır. Başqa sözlə, idman edən kişi yalnız bədənini deyil, sinir sistemini də formalaşdırmış olur. Şüuraltı partnyor seçimi: Araşdırmalar göstərir ki, qadınlar uzunmüddətli münasibətlərdə ən sərt və ya ən “maço” kişiləri deyil, daha sağlam həyat tərzi sürən, nizamlı və özünə diqqət edən kişiləri partnyor olaraq seçməyə meyllidirlər. Bu seçim çox vaxt şüuraltı səviyyədə baş verir. Beləliklə, fiziki aktivlik təkcə fərdi sağlamlıq üçün deyil, münasibətlərin keyfiyyəti və davamlılığı baxımından da mühüm faktordur. Sevinc İbrahimzadə / Metbuat.az