AZ

ABŞ-dən sonra Avropa da hərəkətə keçdi: İrana qarşı mühüm addım atılır

Fransanın xarici işlər naziri Jan-Noel Barro “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Avropa Birliyinin bütün üzv dövlətləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması məsələsində razılığa gəliblər.

“Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyəcək. İran xalqının dinc etirazlarının dözülməz şəkildə repressiya olunması cavabsız qala bilməz. Onlara qarşı tətbiq edilən zorakılıq fonunda nümayiş etdirdikləri fövqəladə cəsarət əbəs yerə olmamalıdır”, – deyə nazir qeyd edib.

Mövzu ilə bağlı NOCOMMENT.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ-nin İrana qarşı təzyiqləri getdikcə artır:

“Hazırda hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir. İranda mövcud rejim mülki əhaliyə qarşı açıq şəkildə kütləvi zorakılıq və qətliamlar həyata keçirir. Bu vəziyyət təkcə ABŞ-ni deyil, Avropa ölkələrini də ciddi şəkildə narahat edir. Məhz buna görə də Avropa bu məsələdə ABŞ ilə həmrəylik nümayiş etdirir.

Hesab edirəm ki, Avropa ölkələri ABŞ ilə birlikdə birbaşa İrana hərbi müdaxilə etməyəcək. Lakin eyni zamanda proseslərə biganə qalmaq da istəmirlər. Bu səbəbdən SEPAH-ın terror təşkilatı kimi tanınması barədə razılığa gəliblər. Paralel olaraq rejimə qarşı sanksiyaların da artırılması gözlənilir. Bu addımlarla İrana qarşı siyasi və iqtisadi təzyiqlər gücləndirilir.

Ancaq düşünmürəm ki, bu tədbirlər rejimin davranışlarını dərhal dayandırsın. Təhdidlər artdıqca Tehran daha aqressiv mövqe sərgiləyir. Bununla belə, Avropa ölkələrinin də zamanla mövqelərini daha da sərtləşdirəcəyi istisna olunmur”.

Atilla Rzasoy

Seçilən
33
nocomment.az

1Mənbələr