AZ

UN-Habitat-ın icraçı direktoru: Bakı WUF13-ə hazırdır

"Deyə bilərəm ki, Bakı WUF13-ə hazırdır. Azərbaycan tərəfindən üzv dövlətlərə təqdim edilmiş hesabat göstərir ki, bütün hazırlıq işləri yüksək səviyyədə aparılır".

Bunu Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax "Report"un ABŞ bürosuna açıqlamasında deyib.

A.Rossbax vurğulayıb ki, WUF13 öncəsi keçirilən iclaslar və müzakirələr qlobal miqyasda şəhər və urbanizasiya məsələlərinə həsr olunmuş önəmli bir gün kimi qiymətləndirilə bilər: "Bu, deyə bilərik ki, qlobal şəhər günü kimi bir tədbirdir. Biz 2016-cı ildə qəbul edilmiş "Yeni Şəhərsalma Gündəliyi"ni nəzərdən keçiririk, artıq 10 ildir ki, bu gündəlik icra olunur. Qarşıdakı 10 il üçün yeni hədəfləri müəyyən etməliyik. Buradakı Nyu-York görüşündə üzv dövlətlərlə müzakirə etdiyimiz kimi, qarşıda çoxsaylı qlobal çağırışlar mövcuddur və şəhərlərin burada güclü rolu var. Mənzil məsələsi də bizim planımızda mühüm rol oynayır. Ötən il BMT daxilində iqlim, maliyyə və sosial inkişaf sahələrində əldə etdiyimiz nəticələr göstərdi ki, urbanizasiya, şəhərlər və yerli idarəetmə, eləcə də mənzil mərkəzi rol oynayır. Bu il Azərbaycanla birgə Ümumdünya Şəhər Forumunu (WUF13) təşkil etmək bizim üçün vacibdir".

A. Rossbax iyulun 16–17-də BMT Baş Assambleyasının himayəsi altında yüksək səviyyəli tədbirin keçiriləcəyini, burada son 10 ilin icmalının aparılacağını və gələcək prioritetlərin müəyyən olunacağını bildirilib:

"Bu il UN-Habitat üçün strateji baxımdan əhəmiyyətlidir, çünki iyulda Nyu-Yorkda SDG 11 (Şəhərlər və icmalar üzrə Dayanıqlı İnkişaf Məqsədi) nəzərdən keçiriləcək. Biz SDG 11-in qoruyucularıyıq. Qeyri-rəsmi yaşayış məntəqələri və mənzil məsələsi kritik aspektdir. Daha sürətli irəliləməliyik və bu sahədə təşəbbüsləri sürətləndirməliyik. Bundan başqa, mənzil məsələsinə fokuslanan yeni strateji planımızın ilk ili həyata keçirilir. Bütün bu fəaliyyətlər bir-birini tamamlayır. Nyu-Yorkdakı görüşlər yalnız SDG 11 deyil, bütün Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edir, çünki SDG 11 digər məqsədlərlə qarşılıqlı bağlıdır. Yeni Şəhərsalma Gündəliyinin icmalının aparılması kritik əhəmiyyət daşıyır. Buna görə də, Nairobidəki işlərimiz, üzv dövlətlərlə Nairobi və Nyu-Yorkdakı əməkdaşlıqlarımız, eləcə də Bakıda aparılan görüşlər yekunda möhkəm və konkret nəticələr əldə etməyimizə xidmət edəcək".

Bakıda WUF13-ə hazırlıq işləri barədə danışan A.Rossbax bildirib ki, logistika və infrastruktur baxımından işlər hazırdır:

"Mən deyə bilərəm ki, Bakı WUF13-ə hazırdır. Azərbaycan tərəfindən üzv dövlətlərə təqdim edilmiş hesabat göstərir ki, bütün hazırlıq işləri yüksək səviyyədə aparılır. UN-Habitat yan tədbirlərə qeydiyyatları və iştirakları koordinasiya edir, artıq forumda iştirak üçün böyük maraq və tələb olduğu məlumdur. Bu, Bakıda şəhər problemlərini müzakirə etmək, praktiki təcrübələri, həll yollarını təqdim etmək və ekspert biliklərini paylaşmaq üçün beynəlxalq iştirakçılar üçün vacib platforma rolunu oynayacaq".

Seçilən
25
far.az

1Mənbələr