AZ

Yusif Quliyev: Eldar Quliyev tələbələrinə qarşı xüsusi diqqəti ilə seçilirdi

Bakı, 30 yanvar, Günel Alıyeva, foto Nicat Həşimov, AZƏRTAC

Xalq artisti Eldar Quliyevin ilk tələbələrindənəm. Sonralar onunla birlikdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışmaq mənə nəsib oldu. İlk dəfə dərs deməyə dəvət ediləndə, Eldar Quliyev kimi bir pedaqoq və şəxsiyyətlə çiyin-çiyinə dayanmaq böyük şərəf hissi yaşatdı.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Yusif Quliyev söyləyib.

“Ondan danışmaq mənim üçün çox çətindir. O dünyasını dəyişəndə özümü ikinci dəfə valideynini itirmiş insan kimi hiss etdim. Mənim üçün ustad həm valideyn, həm də müəllim idi”, – deyə o qeyd edib.

Müəllimin sözlərinə görə, Eldar Quliyevin tövsiyələri bu gün də onun pedaqoji fəaliyyətində əsas meyar olaraq qalır: “Hər dəfə yeni kursa başlayanda və ilk dərsə çıxanda görkəmli kinorejissorun dediyi fikri təkrar edirəm: “Kinorejissor olmaq üçün əvvəlcə şəxsiyyət olmaq lazımdır”.

Həmsöhbətimizin bildirdiyinə görə, Eldar Quliyev tələbələrinə qarşı xüsusi diqqəti və istənilən vəziyyətdə dəstək olmaq bacarığı ilə seçilirdi.

“O, hətta səhv etdiyimiz zamanlarda da tələbələrini həmişə müdafiə edirdi. Biz hiss edirdik ki, o, arxamızda dağ kimi dayanır. Bu isə bizim üçün çox vacib və çox xoş idi”, – deyə Y.Quliyev vurğulayıb.

Məhz Eldar Quliyev ona peşəkarlıq baxımından yüksək səviyyəni qorumağı öyrədib: “Eldar Quliyev” markasına layiq olmaq lazımdır. Bu, brend ad idi və etiraf edim ki, digər tələbələr bizə həsəd aparırdılar. İndi isə özüm dərs dediyim zaman daha aydın anlayıram ki, onun tələbələrinin səhv etməyə haqqı yoxdur. Çünki biz Eldar Quliyevin yetirmələriyik”.

Seçilən
32
azertag.az

1Mənbələr