AZ

Nigerin hərbi rəhbəri üç ölkə liderini hədələdi: Hazır olun

BAKI, 30 yanvar. TELEQRAF

Nigerin hərbi rəhbəri Abdurahman Tiani paytaxt Niameydə beynəlxalq hava limanına edilən hücumun Fransa, Benin və Fil Dişi Sahili tərəfindən dəstəkləndiyini iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Abdurahman Tiani yanvarın 29-da hava bazasına baxış keçirdikdən sonra Niger dövlət televiziyasında çıxış edərək Fransa Prezidenti Emmanuel Makronu, Beninin dövlət başçısı Patris Talonu və Fil Dişi Sahilinin Prezidenti Alassan Uattaranı birbaşa ittiham edib. O, heç bir sübut təqdim etmədən bu ölkələri hücumun sponsoru adlandırıb və cavab tədbirləri görüləcəyini bəyan edib.

“Onların hürüşünü eşitdik, indi bizim nəriltilərimizi eşitməyə hazır olsunlar”, - deyə Tiani bildirib. Bu açıqlama Sahel ölkəsi ilə onun Fransa ilə yaxın əlaqədə olan qonşuları və keçmiş müstəmləkəçi dövlət arasında münasibətlərin daha da gərginləşəcəyinə işarə kimi qiymətləndirilir.

"Reuters"in məlumatına görə, çərşənbə gecəsi yarısına az qalmış Niameydə yerləşən beynəlxalq hava limanı ərazisində intensiv atəş səsləri və güclü partlayışlar eşidilib. Təhlükəsizlik mənbələri hadisəni “terror aktı” kimi xarakterizə edib. Səhər saatlarında paytaxtda vəziyyətin sabitləşdiyi bildirilib.

Tiani həmçinin hava bazasında yerləşdirilən Rusiya hərbçilərinə öz sektorlarını müdafiə etdiklərinə görə təşəkkür edib.

Niger dövlət televiziyası hücum zamanı öldürülən şəxslərdən birinin Fransa vətəndaşı olduğunu iddia etsə də, bu barədə sübut təqdim etməyib.

Hadisədən sonra Niameydə məktəblər və müəssisələr fəaliyyətini davam etdirib. Yalnız hava limanı ətrafında mühafizə altına alınmış zonada gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Mənbələrin bildirdiyinə görə, hücum zamanı hava limanında saxlanılan uran ehtiyatlarına ziyan dəyməyib. Qeyd olunur ki, Niger hakimiyyəti ötən ilin sonunda Fransanın Orano şirkətindən nəzarəti ələ keçirdikdən sonra Arlitdəki Somair mədənindən çıxarılan təxminən 1 000 ton uranı ixrac məqsədilə Niamey bazasına köçürüb.

Seçilən
19
teleqraf.com

1Mənbələr