AZ

Maliyyə mühəndisliyi nədir?

Maliyyə mühəndisliyi maliyyə problemlərini həll etmək üçün riyazi modellər, statistik analiz, proqramlaşdırma və iqtisadi nəzəriyyəni birləşdirən sahədir. Bu sahənin əsas məqsədi riskləri düzgün ölçmək, gəlirləri optimallaşdırmaq və mürəkkəb maliyyə məhsulları yaratmaqdır. Müasir dövrdə maliyyə bazarları daha sürətli, daha qlobal və daha riskli olduğu üçün klassik maliyyə yanaşmaları kifayət etmir. Bu nöqtədə maliyyə mühəndisliyi ortaya çıxır.

“Maliyyə mühəndisliyi” (financial engineering) termini XX əsrin ikinci yarısında maliyyə bazarlarının sürətlə mürəkkəbləşməsi fonunda yaranıb. Klassik maliyyə üsulları artan riskləri və yeni maliyyə alətlərini izah etməkdə çətinlik çəkəndə, riyaziyyat və mühəndislik yanaşmalarının maliyyəyə tətbiqinə ehtiyac yarandı. Xüsusilə 1970–1980-ci illərdə opsionlar, fyuçerslər və digər törəmə alətlərin geniş yayılması bu terminin formalaşmasını sürətləndirdi. Black–Scholes modeli kimi riyazi qiymətləmə yanaşmaları maliyyənin artıq texniki bir sahəyə çevrildiyini göstərdi. Kompüter texnologiyalarının inkişafı isə böyük həcmli hesablamaları mümkün etdi və maliyyə mühəndisliyini praktik hala gətirdi. Zamanla bu termin banklar və investisiya fondlarında risklərin ölçülməsi və idarə olunması ilə sıx əlaqələndirildi. Bu gün maliyyə mühəndisliyi həm akademik sahə, həm də real bazar problemlərini həll edən peşə kimi qəbul olunur. Yəni termin maliyyənin “təcrübədən modelə” keçidinin rəsmi adı kimi formalaşıb.

Maliyyəçi, maliyyə analitiki və maliyyə mühəndisi eyni anlayışdırmı?

Bu terminlər bir-birinə yaxın olsa da, eyni məna daşımır.

Maliyyəçi – daha ümumi anlayışdır. Maliyyə ilə məşğul olan hər kəsi ifadə edə bilər: büdcə, hesabat, planlama, investisiya və s. Maliyyə analitiki – məlumatları təhlil edir, hesabatlar hazırlayır, şirkətin və ya aktivin maliyyə vəziyyətini qiymətləndirir. Analiz əsasən mövcud məlumatlar üzərində aparılır. Maliyyə mühəndisi – nisbətən texniki və riyazi yanaşma tətbiq edir. Yeni modellər qurur, riskləri hesablayır, maliyyə məhsullarını dizayn edir və sistem qurur.

Maliyyə mühəndisliyinə tələbatın artmasına təsir edən əsas amillər:

Maliyyə bazarlarının qloballaşması; Yeni maliyyə alətlərinin (kripto, opsion, fyuçers, svop və s.) yaranması; Risklərin daha mürəkkəb və ölçülməsi çətin hala gəlməsi; Texnologiya və hesablama gücünün sürətlə inkişaf etməsi.

Əvvəllər maliyyə qərarları əsasən təcrübə və intuisiya ilə verilirdisə, indi bu kifayət etmir. Böyük həcmli pullar dövriyyədə olduğu üçün risklərin riyazi modellərlə hesablanmasına ehtiyac yarandı. Hazırda maliyyə mühəndisliyi ən çox investisiya bankları, hedc fondlar, fintech şirkətləri və kriptovalyuta platformalarında tətbiq olunur.

Maliyyə mühəndisliyi maliyyə problemlərini riyazi modellər, statistika, proqramlaşdırma və hesablama gücü ilə həll edən sahədir. Son 10 ildə onun tətbiqi daha çox genişlənib və əsasən aşağıdakı sahələrdə istifadə olunur. Hər sahə üçün konkret nümunələrlə necə tətbiq edildiyini izah etməyə çalışacam.

Risk idarəetməsi (Risk Management)

Necə tətbiq olunur? Maliyyə mühəndisləri riskləri ölçmək üçün riyazi modellər qurur. Valyuta, faiz, qiymət və bazar riskləri ehtimal və statistik metodlarla hesablanır. Məsələn, “ən pis ssenaridə nə qədər itirə bilərik?” sualına cavab tapılır.

Real nümunə: Bir bank böyük məbləğdə dollar kreditləri verib. Maliyyə mühəndisi Value at Risk (VaR) modeli quraraq deyir ki, növbəti 10 gündə maksimum itki, məsələn, 5 milyon dollardır. Bank buna əsasən ehtiyat ayırır və ya riskini hedc edir.

Portfel optimallaşdırması və aktiv idarəetməsi (Portfolio Optimization & Asset Management)

Necə tətbiq olunur? Burada məqsəd eyni anda iki istəyi təmin etməkdir: gəliri artırmaq və riski azaltmaq. Maliyyə mühəndisləri müxtəlif aktivləri (səhm, istiqraz, qızıl, kripto və s.) bir portfeldə riyazi balansla yerləşdirir.

Real nümunə: Bir investisiya fondu 100 milyon dolları səhm, istiqraz, kripto və qızıla bölmək istəyir. Maliyyə mühəndisi Markowitz portfel modeli ilə hesablayır ki, məsələn, 50% səhm, 30% istiqraz, 15% qızıl, 5% bitcoin ən optimal kombinasiyadır. Yəni “hamısını bir səbətə qoymamaq” elmi əsasla edilir.

Alqoritmik və yüksək tezlikli ticarət (Algorithmic & HFT)

Necə tətbiq olunur? Qərarları insan yox, kod verir. Qiymət dəyişiklikləri, həcm, volatillik kimi göstəricilər saniyənin mində birində analiz edilir və avtomatik alış-satış əmrləri verilir.

Real nümunə: Bir HFT şirkəti NYSE-də eyni səhmə iki bazarda 0.01 dollar fərq olduğunu aşkar edir. Alqoritm bunu insan görməmiş alır və satır. Gəlir azdır, amma bunu gündə milyon dəfə edəndə nəticə böyük olur.

Kriptovalyuta və DeFi (Decentralized Finance)

Necə tətbiq olunur? Maliyyə mühəndisliyi burada tokenlərin qiymətlənməsi, likvidlik hovuzları, staking gəlirləri və smart contract risklərinin hesablanmasında istifadə olunur.

Real nümunə: Bir DeFi platforması ETH–USDT likvidlik hovuzu yaradır. Maliyyə mühəndisi “impermanent loss” riskini hesablayır və istifadəçilərə illik 18% APY təklifinin nə qədər real olduğunu modelləşdirir. Yəni “bu gəlir hardan gəlir?” sualının cavabı havadan yox, modeldən çıxır.

Daxili maliyyə xidmətləri (Embedded Finance)

Necə tətbiq olunur? Embedded finance – maliyyə xidmətlərinin (ödəniş, kredit, sığorta və s.) ayrıca bank tətbiqi olmadan, qeyri-maliyyə platformalarının içinə “daxil edilməsi” deməkdir. Maliyyə mühəndisləri risk modelləri, kredit skorlama sistemləri və qiymətləmə alqoritmləri qurur. Məqsəd odur ki, istifadəçi bankla üz-üzə gəlmədən maliyyə əməliyyatı edə bilsin, amma sistem arxa planda riski düzgün hesablasın.

Real nümunə: Onlayn market platformasında müştəriyə “indi al, sonra ödə” (Buy now, Pay later) seçimi təklif edir. Maliyyə mühəndisinin qurduğu model müştərinin alış tarixini, davranışını və məbləği analiz edərək 2 saniyəyə qərar verir: kredit verilsin ya yox. Müştəri sadəcə düyməni görür, arxada isə tam bir maliyyə mexanizmi işləyir.

Saxtakarlığın aşkarlanması (Fraud Detection)

Necə tətbiq olunur? Burada statistika, ehtimal nəzəriyyəsi və maşın öyrənməsi modelləri istifadə olunur. Maliyyə mühəndisi “normal” və “şübhəli” davranışı ayıran riyazi model qurur və sistem hər əməliyyatı bu modelə görə yoxlayır.

Real nümunə: Bir e-commerce platformasında kartla ödənişlər edilir. Sistem görür ki, bir istifadəçi 5 dəqiqə ərzində 3 fərqli ölkədən alış etməyə çalışır. Maliyyə mühəndisinin qurduğu model bunu yüksək riskli əməliyyat kimi tanıyır, ödənişi bloklayır və müştəriyə bildiriş göndərir.

Maliyyə mühəndisliyinin əsas faydaları:

Risklərin daha dəqiq ölçülməsi və idarə olunması; Daha əsaslandırılmış investisiya qərarlarının verilməsi; Maliyyə itkilərinin azaldılması; Gəlirlərin optimallaşdırılması; Yeni və innovativ maliyyə məhsullarının yaradılması; İnsan faktorundan qaynaqlanan emosional səhvlərin azalması.

Maliyyə mühəndisliyi bu gün sadəcə bir ixtisas və ya akademik anlayış deyil, müasir maliyyə sisteminin dayaq sütunlarından biridir. Risklərin ölçülməsi, investisiya qərarlarının əsaslandırılması, rəqəmsal maliyyə platformalarının işlək hala gətirilməsi və saxtakarlıqlara qarşı müdafiə mexanizmlərinin qurulması məhz bu sahənin hesabına mümkün olur. Maliyyə mühəndisliyi maliyyəni daha şəffaf, daha hesablana bilən və daha idarə olunan hala gətirir. Ən əsası isə maliyyə qərarlarını emosiyadan uzaqlaşdıraraq sistemli düşüncə ilə əvəz edir.

 

Müəllif: Elnur Quliyev

Seçilən
87
40
banker.az

10Mənbələr