AZ

Biləcəridə qorxu filmlərini xatırladan TUNEL – Niyə qaranlığa qərq olub? – VİDEO

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən tunelin piyadaların istifadəsi üçün nəzərdə tutulmuş hissəsi işıqlandırılmır. Bu da axşam saatlarında tuneli sözün həqiqi mənasında keçilməz edir. Təxminən, 80-90 metr uzunluqda olan tunel qorxu filmlərini xatırladır.

Bəs tunelin işıqlandırılmamasına səbəb nədir?

Binəqədi rayon İcra Hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, bununla bağlı aidiyyəti quruma müraciət edilib.

Biləcəri bələdiyyəsinin sədr müavini Osman Qasımov isə saytımıza həmin ərazidə elektrik xətlərinin olduğunu deyib.

Onun sözlərinə görə, vətəndaşların bəzisi elektrik xətlərini, bəzisi isə lampaları qırdıqları üçün belə mənzərə yaranıb:

“Ora 1903-cü ildən, faytonların gedişi vaxtından 2004-cü ilə qədər işləyir. Həmin ildə yeni tunel tikildi və bu tunel piyadaların istifadəsinə verildi. Ərazi  işıqlandırılıb, sadəcə, ora alçaqdı, tuneldən keçənlərin bəzisi əl atıb həmin işıqları, lampaları qırırlar. Biz də mütəmadi onu yeniləməklə məşğuluq. Yenidən bərpa edəcəyik. İşimizi düzgün görmək, oranı işıqlandırmaq hamımıza alqış gətirir, onu niyə etməyək ki?!”.

Əraziyə lampalara toxunmamaq üçün məlumatlandırıcı lövhənin vurulması təklifinə gəldikdə isə sədr müavini bunları qeyd edib:

“Hansısa əraziyə zibil atmaq olmaz ifadəsini yazmaq olar, amma işıqları qırmaq olmaz ifadəsini necə yazaq?! Axı bunu hamı bilir ki, bunu qırmaq, çıxarmaq olmaz. Məgər o işığı qoparmaq olar ki, olmaz axı. Bəzi vaxtlarda metal əşya yığıb satanlar o xətləri qoparıb aparıblar”.


Günay Şahmar, Bizim.Media

Seçilən
78
50
bizim.media

10Mənbələr