AZ

Ərdoğan Trampı müharibə fikrindən daşındıracaq?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı İranla ABŞ arasında vasitəçilik təklifləri edib. 

Bu da regionda diplomatik fəallığın artdığını göstərsə də, Vaşinqtondan gələn açıqlamalar prosesin hələ real danışıqlar mərhələsinə keçmədiyini ortaya qoyur. 

Türkiyə bu mürəkkəb diplomatik düyünü açaraq tərəfləri masa arxasına gətirə biləcəkmi?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Yaxın və Orta Şərqdə yenidən gərginlik ocağının yaranmaması üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı kimi dövlətlər ABŞ ilə müəyyən təmas halındadırlar. 

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bəyan ediblər ki, əgər İran əleyhinə əməliyyatlar başlanarsa, öz ərazilərindən nə qurudan, nə də havadan zərbə endirilməsinə icazə verəcəklər və burada Türkiyənin səyləri də xüsusi qeyd olunmalıdır:

"Türkiyə ABŞ və İran məsələsində diplomatik təşəbbüslərini davam etdirir. Belə ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı  və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Donald Trampla telefon danışığında İran məsələsi xüsusi müzakirə mövzusu olub. 

Türkiyə tərəfi ABŞ-yə üçtərəfli danışıqlar formatı təklif edib. İlkin məlumatlara görə, Tramp bu təşəbbüsə isti yanaşıb. Amma hələlik konkret hansısa addımların atılmasının şahidi olmuruq".

Politoloq qeyd edib ki, ABŞ İranla bağlı məsələdə bölgədəki tərəfdaşları və müttəfiqləri ilə təmas halındadır: 

"Belə ki, ABŞ İranla bağlı məsələdə bölgədəki tərəfdaşları və müttəfiqləri ilə məsləhətləşir, onların mövqeyini nəzərə almağa məcburdur. Bir müddət əvvəl etirazçılarla bağlı məsələdə ABŞ tərəfindən zərbələr endirilməməsinin səbəblərindən biri də məhz bölgədəki müttəfiqlərinin Vaşinqtonla apardığı danışıqlar səbəb olub deyə məlumatlar yayılmaqdadır. 

Bütün hallarda hesab olunur ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı qərar verməzdən əvvəl məsələləri ölçüb-biçəcək və müttəfiqlərinin mövqeyini diqqətə alacaq. Amma bütün hallarda son qərarı ABŞ özü verəcək".

Oqtay Qasımov əlavə edib ki, hazırda ABŞ bölgədə ciddi hərbi güc toplayıb və bununla İran üzərində təzyiqi artırmağa çalışır:

"Bu təzyiqin əsas məqsədi Tehranın danışıqlar masasına gətirilməsidir. ABŞ hesab edir ki, məhz bu cür təzyiq onu danışıqlar masasına gətirə bilər. Bununla belə, tərəflər arasında ciddi fikir ayrılıqlarının mövcudluğu hərbi eskalasiya riskini yüksək saxlayır. 

Türkiyə isə bölgədə gərginliyin yaranmamasında maraqlıdır. Çünki Türkiyə İranla uzun sərhədlərə malik olan ölkədir və burada baş verəcək hadisələr Türkiyəyə mənfi yöndən təsir edə bilər deyə düşünürəm. 

Düzdür, Donald Tramp Prezident Rəcəb Tayyib Ərdoğanın fikirlərinə hörmətlə yanaşır və onu nəzərə alır. Lakin İran məsələsi kifayət qədər mürəkkəbdir. Tramp üçün də prinsipial əhəmiyyət daşıması səbəbindən ABŞ ilk növbədə öz maraqlarını əsas götürəcək".

Politoloq vurğulayıb ki, əgər İran Türkiyənin təklif etdiyi vasitəçilik modelini qəbul edər və danışıqlarda konstruktiv mövqe nümayiş etdirərsə, üçtərəfli format reallaşa bilər:

"İran əvvəlki mövqeyində israrlı qalarsa və danışıqlar masasında razılaşmaya açıq olmazsa, ABŞ-nin İrana hərbi zərbələr endirməsi ehtimalı arta bilər. Hazırda zərbələrin endirilməsi ehtimalı yüksək qiymətləndirilmir. 

Çünki diplomatik qapılar hələ tam bağlanmayıb və danışıqlar üçün müəyyən imkanlar mövcuddur. Türkiyə də məhz bu imkanlardan istifadə edərək hərbi qarşıdurmanın qarşısını almağa çalışır.

Türkiyənin bu cəhdlərinin nəticə vermə ehtimalı yüksək olmasa da, müəyyən ehtimal var".

Əfsanə Rəcəb 

"Cebheinfo.a"

Açar sözlər:

Ərdoğan Tramp Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
50
cebheinfo.az

10Mənbələr