AZ

Süni intellekt ixtisası universitetlərə gəlir - tələbat artacaq, keçid balı yüksələcək...

Əgər biz dünya dövlətləri ilə süni intellekt (Sİ) sahəsində rəqabət aparmaq, yaxud bu sahədə mübarizəyə qoşulmaq istəyiriksə, mütləq şəkildə orta məktəblərdə və universitetlərdə süni intellekt ixtisasları açılmalıdır. Mən bunu dəfələrlə vurğulamışam.

Bu fikirləri AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev açıqlaması zamanı bildirib.

“Süni intellekt ixtisaslarının ali təhsil müəssisələrinə gətirilməsi təşəbbüsü ilk olaraq mənim tərəfimdən irəli sürülmüşdü və bu ideya ilə çıxış etmişdim. Əgər biz dünya dövlətləri ilə Sİ sahəsində rəqabət aparmaq istəyiriksə, mütləq şəkildə orta məktəblərdə və universitetlərdə süni intellekt ixtisasları açılmalıdır. Mən bunu dəfələrlə vurğulamışam.

Hesab edirəm ki, artıq ali təhsil müəssisələrində bu ixtisasların növbəti tədris ilindən açılması gözlənilir, bəzi universitetlərdə isə proses artıq başlayıb. Orta ümumtəhsil məktəblərində də süni intellekt fənlərinin tədris olunacağı ilə bağlı cənab nazir ilk siqnalları verib. Düşünürəm ki, yaxın gələcəkdə orta məktəblərdə də Sİ dərsləri keçiriləcək. Bu, olduqca müsbət və təqdirəlayiq bir təşəbbüsdür.

Çünki əgər biz dünyanın inkişaf etmiş ölkələri ilə süni intellekt sahəsində rəqabət aparmaq istəyiriksə, bu işin təməlini məhz orta məktəblərdən və universitetlərdən qoymalıyıq. Sevindirici haldır ki, artıq bu istiqamətdə addımlar atılır".

Yaxın gələcəkdə bu sahədə konkret nailiyyətlərin şahidi olacağıq:

“Çünki bizim çox bacarıqlı və potensiallı gənclərimiz var. Orta məktəb şagirdlərinin və ali təhsil müəssisələrinin tələbələrinin süni intellektlə bağlı sosial platformalarda paylaşdıqları materiallara baxıram və bu, həqiqətən qürurvericidir. Gənclərimizin bu sahəyə olan marağı yüksək qiymətləndirilməlidir.

Bəs süni intellekt Azərbaycan təhsilinə hansı yenilikləri gətirə bilər? Mən düşünürəm ki, söhbət yalnız Azərbaycan təhsilindən getmir. Artıq süni intellekt bütün dünyada bir çox sahələri əhatə edir və öz üstünlüyünü göstərir. Bu gün bir sıra sahələrdə Sİ perspektivli olduğunu sübut edib.

Gələcəkdə bəzi ixtisasların və peşələrin süni intellektin təsiri altında passivləşməsi də mümkündür. Məsələn, əvvəllər on mühasib işləyirdisə, gələcəkdə onların yalnız ikisi və ya üçü qala bilər, qalan işlər süni intellekt vasitəsilə idarə olunacaq. Bu təsir təkcə mühasiblərə yox, mağaza satıcılarına və hətta müəllimlərə qədər özünü göstərəcək".

Biz bu ixtisası yalnız formal şəkildə açmamalıyıq:

“Artıq süni intellekt robot texnologiyaları vasitəsilə müəllimi qismən əvəz edə biləcək. Demək olar ki, bir çox əsas sahələrdə süni intellekt ön plana çıxacaq. Buna görə də bu işə vaxtında başlamağın müsbət nəticələr verəcəyinə inanıram. Orta məktəbdə şagirdlərdə süni intellektə maraq oyadılmalı, ali təhsil müəssisələrində isə bu maraq inkişaf etdirilməlidir. Eyni zamanda, bu sahədə dünya ilə əlaqələnməyə və rəqabət aparmağa çalışmalıyıq.

Əgər gələcəkdə bəzi iş yerləri azalacaqsa və onları süni intellekt əvəz edəcəksə, bu, Sİ sahəsinə marağın daha da artmasına səbəb olacaq. Buna görə də uşaqlarda və gənclərdə süni intellektə marağın inkişaf etdirilməsi olduqca vacibdir. Bunun üçün mütləq şəkildə süni intellekt ixtisasları açılmalı, orta məktəblərdə dərslər tədris olunmalıdır. Təbii ki, buna ciddi şəkildə hazırlaşmaq lazımdır. Maddi-texniki baza yaradılmalı, müasir avadanlıqlarla təminat həyata keçirilməlidir. Şagirdlər və tələbələr üçün əlavə dərslər və praktiki məşğələlər mütləq təmin olunmalıdır.

Biz bu ixtisası yalnız formal şəkildə açmamalıyıq. Yəni yalnız nəzəri biliklərin verildiyi, praktiki bacarıqların ötürülmədiyi yanaşma ilə süni intellekt tədrisinə başlamaq düzgün olmaz. Əksinə, bu sahədə praktiki biliklər əsas yer tutmalıdır. Bu istiqamətdə uyğun universitetlər seçilməli, lazımi maliyyə vəsaiti ayrılmalı və peşəkar mütəxəssislər tədris prosesinə cəlb olunmalıdır. Yalnız bu halda süni intellekt sahəsində real və davamlı nailiyyətlər əldə edilə bilər. Bu, olduqca vacib və strateji məsələdir.

Fikrimcə, I ixtisas qruplarının abituriyentləri bu ixtisasa həvəslidirlər. Bu ixtisas digər kompüter yönümlü ixtisaslarla ciddi rəqabət formalaşdıracaq. Xüsusilə də kompüter mühəndisliyi, informasiya texnologiyaları və təhlükəsizliyi ixtisaslarının keçid balları ilə eyni səviyyədə olacaq.

Və bu ixtisasın hər universitetdə açılmasının tərəfdarı deyiləm. Bu sahədə indiyədək öz sözünü demiş ali təhsil müəssisələrinə verilməsi daha tövsiyə olunandır. Xüsusilə ADA, BANM, UNEC, ADNSU, AzMİU və Qarabağ Universitetləri, özəl ali təhsil müəssisələrindən isə Xəzər Universiteti bu ixtisasların açılması üçün yaxşı seçimdir. Süni intellekt ixtisası bəzi universitetlərdə kompüter yönümlü digər ixtisaslardan daha yüksək keçid ballarına sahib ola bilər. Bu gələcəyə açılan bir sahədir".

Seçilən
34
azedu.az

1Mənbələr