Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən ticarət obyektlərində yoxlama keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, Məhsəti qəsəbəsində fiziki şəxslər - Vaqif Abbas oğlu Tağıyevə və Asif Tofik oğlu Məmmədova məxsus ərzaq mağazalarında yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb.
Məhsulların kustar üsullarla hazırlandığı, müşayiətedici sənədlərinin olmadığı, üzərində yanlış məlumatların qeyd edildiyi və saxta VÖEN göstərildiyi müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Araşdırmalar davam etdirilir.