AZ

Komitə rəsmisi: Valideyn tərbiyəsi ilə zorakılıq arasındakı hüquqi sərhəd yeni qanun layihəsində ayrıca təsbit edilir MÜSAHİBƏ

Bakı, 30 yanvar, Ceyhun Xəlilov, AZƏRTAC

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması ölkədə uşaqların hüquq və mənafelərinin daha etibarlı qorunmasına yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Layihədə uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi, zorakılığın qarşısının alınması, sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi əsas prioritetlər sırasında yer alır. Qanun layihəsinin mahiyyəti, yenilikləri və praktiki əhəmiyyəti ilə bağlı AZƏRTAC-ın suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova cavablandırıb.

- “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırda qüvvədə olan qanundan əsasən nələrlə fərqlənir, əsas hüquqi yeniliklər nələrdir və bu layihə uşaq hüquqlarının müdafiəsində yanaşmanı necə dəyişir?

- İlk növbədə, qeyd etməliyəm ki, son beş ildə uşaq hüquqları sahəsində islahatların həyata keçirilməsində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın böyük rolu olub. “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin qəbul edilməsi də bu strategiyanın əsas tələblərindən biridir və hazırda layihə Milli Məclisdə müzakirə olunur.

Yeni qanun layihəsinin qəbul edilməsinin əsas məqsədi uşaq hüquqları sahəsində müasir yanaşmaların formalaşdırılması, beynəlxalq standartlara uyğun mexanizmlərin yaradılması və mövcud təcrübədə aşkar olunan boşluqların aradan qaldırılmasıdır. Təcrübə göstərir ki, qüvvədə olan qanun və uşaq hüquqlarının təmin edilməsinə dair dəqiq tənzimləmə nəzərdə tutan ayrı-ayrı sahəvi sənədlər müasir dövrün sosial reallıqları və beynəlxalq hüququn normaları ilə tam uzlaşmır, uşaq hüquqlarına vahid və sistemli yanaşmanı təmin etmir. Bu səbəbdən beynəlxalq standartlara və müasir sosial reallıqlara uyğun, preventiv və qoruyucu mexanizmləri güclü olan qanuna ehtiyac var.

Ölkəmizin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə öhdəliklər daşıdığını nəzərə alaraq, ilk növbədə, qanunvericilikdə uşaq hüquq və azadlıqlarının təmin edilməsində dövlət siyasətinin məqsədləri və vəzifələri daha konkret müəyyən edilməlidir ki, qüvvədə olan və yaxud gələcəkdə qəbul ediləcək digər sahəvi sənədlərdə həmin yanaşma öz əksini tapsın.

Qanun layihəsinin əsas üstünlüklərindən - hüquqi yeniliklərdən biri burada uşaq hüquqları ilə bağlı bir sıra yeni anlayışların dəqiq hüquqi tərifinin verilməsidir. Bu, uşaq hüquqlarının təminində vahid yanaşmanın tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə “uşağın üstün mənafeyi” anlayışı ilk dəfə geniş və ətraflı şəkildə izah edilir, bu prinsipin əsas elementləri və təminatları yeni qanun layihəsində ətraflı şəkildə göstərilib və qanunun digər fəsillərində də bu prinsipə istinad edilir. Buraya uşağın rifahı, təhlükəsizliyi, sağlamlığı, təhsili və inkişafı daxildir.

Digər tərəfdən, uşaqlara qarşı zorakılığın formaları da genişləndirilib. Fiziki, cinsi və psixoloji zorakılıqla yanaşı, uşaqlara qarşı etinasız rəftar, onları təhlükədə qoymaq, istismar etmək, davamlı təzyiq və aqressiv davranışa məruz qoymaq da zorakılığın formaları kimi müəyyən edilib.

Bu kontekstdə layihədə davamlı təzyiq və aqressiv davranış (“bullying”) uşaqların bir-birinə və ya böyüklər tərəfindən zorakılığı kimi müəyyən edilir və məsuliyyət mexanizmləri nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, təhsil və uşaqlara xidmət göstərən digər müəssisələr bu cür halların qarşısını almaq üçün xüsusi mexanizmlər formalaşdırmalı və müvafiq tədbirlər həyata keçirməlidirlər. Bu sahədə çalışan personal mütləq uşaqlarla işləmək üçün hazırlıqlı, peşəkar olmalı, uşaq hüquqlarını bilməli və onların uşaqlarla işləmək bacarıqları inkişaf etdirilməlidir.

Həmçinin internet informasiya ehtiyatlarından və ya informasiya-kommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən qanunsuz əməllər uşaqlara qarşı zorakılığın üsullarından biri kimi müəyyənləşdirilib. Hazırda Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı hüquqi baza formalaşdırılmaqdadır. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun dövriyyədə olan hər növ informasiya məhsullarına dövlət və ictimai nəzarət mexanizmini, uşaqlar üçün zərərli hesab edilən informasiyaları, informasiya məhsullarının yaş kateqoriyasına görə təsnifatını müəyyənləşdirir. Həmçinin Cinayət Məcəlləsinə uşaqların seksual xarakterli məqsədlərlə təqib edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddə əlavə olunub. Bu baxımdan zorakılığın törədilmə üsulu kimi bu məsələnin uşaq hüquqları haqqında qanuna daxil edilməsi müasir dövrdə xüsusi əhəmiyyət daşıyır.

Mühüm yeniliklərdən biri də uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin görülməsinin tələb kimi müəyyən olunmasıdır. Bu öhdəlik dövlət orqanları ilə yanaşı, bələdiyyələrə və qeyri-hökumət təşkilatlarına həvalə edilib. Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması səbəbindən onların aşkarlanması və sosial müdafiəsi ilə bağlı layihədə xüsusi mexanizm nəzərdə tutulur.

Hazırda yerlərdə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar fəaliyyət göstərir. Əvvəllər bu komissiyalar yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar adlanırdı. Bu komissiyalar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərir. Eyni zamanda, Nazirlər Kabineti yanında da müvafiq qurum mövcuddur. Qanun layihəsi bu komissiyalara çətin həyat şəraitində olan uşaqları aşkar etmək və onlarla bağlı görülməli tədbirləri müəyyənləşdirmək səlahiyyəti verir. Bu tədbirlər çərçivəsində uşağa təcili və təxirəsalınmaz yardımlar göstərilməli, uşağın həyat və sağlamlığı birbaşa təhlükədə olduqda o, ailədən götürülə və sosial xidmətlərə cəlb oluna bilər. Eyni zamanda, çətin həyat şəraitində olan uşaqların fərdi məlumatlarının qorunması ilə bağlı tələb müəyyən edilib.

Qanun layihəsi uşaq hüquqlarının müdafiəsində reaktiv deyil, preventiv və qoruyucu yanaşmanı əsas götürür. Dövlətin vəzifələri, uşaqlarla bağlı siyasətin həyata keçirilməsində qurumlararası əlaqələndirmə, nəzarət və monitorinq mexanizmləri aydın şəkildə müəyyən edilir. Bu yanaşma uşaq hüquqlarının yalnız pozulduqdan sonra deyil, risk mərhələsində qorunmasını hədəfləyir.

- Qanun layihəsində “uşaqlara qarşı cismani cəza” anlayışının ayrıca təsbit edilməsi praktikada hansı halların aradan qaldırılması ilə bağlıdır? Valideyn tərbiyəsi ilə zorakılıq arasındakı hüquqi sərhəd necə müəyyən ediləcək?

- Qanun layihəsində “uşaqlara qarşı cismani cəza” anlayışının ayrıca təsbit edilməsi dünya praktikasında mövcud olan və son illərdə xüsusilə aktual hesab edilən bir problemin hüquqi həllinə yönəlib. Praktikada tez-tez rast gəlinir ki, həm ailə mühitində, həm də uşaqlara xidmət göstərən müəssisələrdə onlara qarşı fiziki zorakılıq “tərbiyə” və ya “intizam tədbiri” adı altında əsaslandırılır.

Mediada dəfələrlə bu cür hallarla bağlı məlumatlar yayılır və bu vəziyyət cəmiyyətdə ciddi narahatlıq yaradır. Qanun layihəsi belə davranışlara qarşı dözümlülüyün aradan qaldırılması məqsədilə gələcəkdə məsuliyyətin müəyyən edilməsinə əsas verən normalar nəzərdə tutur, “tərbiyə və ya intizam tədbiri” adı altında uşağa fiziki ağrı yetirilməsini zorakılığın bir növü kimi tanıyır.

Valideyn tərbiyəsi ilə zorakılıq arasındakı hüquqi sərhəd məhz bu anlayışın dəqiq tərifi ilə müəyyənləşdirilir. Belə ki, uşağa qarşı zorakılığın qarşısının alınması üçün hüquqi, inzibati, sosial və maarifləndirici tədbirlərin görülməsi dövlətin vəzifəsi kimi qeyd olunur.

- Qanun layihəsində uşaqlarla bağlı qərarların qəbulu zamanı əsas götürülən 8 tələb hansı real mexanizmlərlə təmin olunacaq və bu yanaşma məhkəmə, sosial xidmət və icra orqanlarının praktikasını necə dəyişəcək?

- Uşaqlarla bağlı icraatlara gəldikdə isə qanun layihəsinin 7-ci fəslində mülki, cinayət və inzibati icraatlar zamanı uşağın mühüm prosessual təminatları əks olunub və icraatın uşaqyönümlü aparılması üçün tələblər müəyyənləşib. Uşağın iştirakı ilə və ya ona aid hər hansı məsələ ilə bağlı icraatın uşağın psixoloji, sosial, emosional və fiziki sağlamlığının qiymətləndirilməsi və onun üstün mənafelərinin müəyyənləşdirilməsi məqsədilə hərtərəfli yanaşmadan (yəni multidissiplinar) istifadə edərək həyata keçirilməsi tələb olaraq müəyyənləşdirilib.

Uşaqlar barəsində icraatın bütün mərhələlərində prosedurların uşaq üçün aydın və əlçatan olması təmin edilməlidir. Layihədə uşaqların psixoloji rifahına xüsusi önəm verilir. Uşaqlar barəsində mülki və cinayət işləri üzrə proseslərdə psixoloqun məcburi qaydada iştirakı tələb ediləcək. İcraatı aparan şəxslərin uşaqla iş üzrə bilik və bacarıqlara malik olması əsas tələblərdən biri kimi göstərilir.

Qanun layihəsində uşaqlarla bağlı istənilən qərarın qəbulu zamanı əsas götürülməli olan 8 prinsipial tələb müəyyən edilib. Bu tələblər uşağın təhlükəsizliyinin təmin edilməsi, təhsil, səhiyyə və sosial müdafiə xidmətlərinə çıxışı, zorakılıq riskinin aradan qaldırılması, hərtərəfli inkişafının dəstəklənməsi, uşağın fikrinin öyrənilməsi və valideynləri ilə münasibətlərinin qiymətləndirilməsi, onlarla ünsiyyətinin təmin olunması və s. məsələləri əhatə edir. Tələblərdən biri də uşağın fikrinə zidd qəbul edilmiş qərarın, onun icrası prosesində uşağa mənfi təsirlərinin qarşısının alınması üzrə tədbirlərin əvvəlcədən müəyyənləşdirilməsidir.

Bu tələblər uşaqlarla bağlı məhkəmə və inzibati orqanlarda icraatın daha uşaqyönümlü olmasına, onların real maraqlarını nəzərə alan qərarların qəbuluna səbəb olacaq.

- Bu qanun layihəsi uşaq hüquqlarının müdafiəsinə dövlət nəzarətini necə gücləndirir və icra mexanizmlərinin formal xarakter daşımaması üçün hansı hüquqi alətlər nəzərdə tutulub?

- Qanun layihəsi uşaq hüquqlarının müdafiəsində dövlət nəzarətini bir neçə istiqamətdə gücləndirir. Qeyd etdiyimiz kimi, ilk növbədə, uşaqlarla bağlı siyasətin həyata keçirilməsində qurumlararası əlaqələndirmə, nəzarət və monitorinq mexanizmləri dəqiq şəkildə müəyyən edilir. Uşaq məlumat bankının yaradılması, məlumatların toplanması və təhlili dövlət siyasətinin əsas alətlərindən biri kimi çıxış edir.

Qeyd etdiyim kimi, qanun layihəsində, həmçinin çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi ilə bağlı yeni prosedurlar müəyyən olunur və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara konkret səlahiyyətlər verilir.

Hazırkı qanunvericiliyə görə uşaqların hüquqları və mənafeləri pozulduqda fiziki və hüquqi şəxslər bu barədə komissiyalara məlumat verə bilərlər. Lakin bu yanaşma narahatedici hesab olunur. Bu baxımdan yeni qanunvericilikdə imperativ norma müəyyən edilir: fiziki və hüquqi şəxslər uşaqda zorakılıq əlamətlərini aşkar etdikdə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya hüquq-mühafizə orqanlarına məlumat verməsi artıq hüquq deyil, vəzifə kimi təsbit edilir. Bu tələbin pozulması məsuliyyət yaradır.

Yuxarıda qeyd edilən təminatlar, yeni icra və məsuliyyət mexanizmlərinin müəyyən edilməsi Qanunun gələcəkdə formal xarakter daşımamasına xidmət edir. Beləliklə, qanun layihəsi uşaq hüquqlarının müdafiəsini yalnız normativ səviyyədə deyil, praktik müstəvidə də gücləndirməyə yönəlib.

 

Seçilən
82
50
azertag.az

10Mənbələr