AZ

Azərbaycan dövlətinin qızıl kimi qızıl strategiyası...



Ötən il Azərbaycan 326.2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 54 faiz və ya 114.4 milyon ABŞ dolları çoxdur. İxrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub. Təkcə dekabrda isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,9 faiz çoxdur.Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 faiz artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.

Son bir ildə qızılın 64 faizdən çox bahalaşması Azərbaycanın da bu qiymətli metala marağını artırıb. 2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının möhkəmləndirilməsi məqsədilə 6 milyard 259.7 milyon ABŞ dolları dəyərində qızıl idxal etdiyi bildirilir.Britaniyanın "Financial Times" nəşri ölkənin ixrac statistikası ilə bağlı məlumatları araşdıraraq, Azərbaycanın Çindən sonra ən böyük qızıl alıcılarından biri olduğuna diqqət çəkib. Nəşrin qeyd etdiyi kimi, qlobal "qızıl nəhəngləri"nin qeyri-rəsmi reytinqində ikinci yeri daha az nəzərəçarpan iştirakçı - Azərbaycan tutub. Nəşr bildirir ki, aktivləri təxminən 70 milyard ABŞ dolları məbləğində qiymətləndirilən Azərbaycan Dövlət Neft Fondu son illərdə qızıla investisiya qoyuluşunu fəal şəkildə artıraraq genişmiqyaslı diversifikasiya həyata keçirir. Eyni zamanda, fond xaricdə daşınmaz əmlak obyektlərinə, xüsusilə Londonda "78 St James's Street", Parisdə "8 Place Vendôme" və Moskvada "Gallery Actor" kimi aktivlərə investisiya qoymağa davam edir. "Financial Times" əsas diqqəti məhz qızıla yönəldir. ARDNF-in aktivlərinin strukturunda bu qiymətli metalın payı 2024-cü ilin sonuna olan 20,6 %-dən 2025-ci ilin sonuna 38,2 %-ə qədər artıb. Bu artım təkcə dünya bazarlarında qızılın kəskin bahalaşması ilə izah edilmir. 2024-cü ilin sonunda fond 146,6 ton qızıl ehtiyatına malik idisə, 2025-ci ilin sonuna bu göstərici 200 tona çatıb. "Financial Times"ın fikrincə, Azərbaycanın qızıl ehtiyatlarının aktiv şəkildə artırılması strategiyası rəsmi hesabatlarda tam əks olunmasa da, son illərdə suveren investorlar arasında ən effektiv strategiyalardan biri olub.

Onu da qeyd edək ki, Azərbaycanda ötən il qızıl istehsalı 11.3 faiz artaraq 2 min 965.1 kiloqram təşkil edib. Bu ilin əvvəlində də qızıl bahalaşmaqda davam edib.Bu ilin əvvəlində Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 156.4 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ölkənin valyuta ehtiyatları 14 milyard 165.5 milyon ABŞ dolları və yaxud 20 faiz artıb.

Ramil QULİYEV

Seçilən
7
2
baki-xeber.com

3Mənbələr