AZ

Səidə Bəkirqızını təhqir edən Rəqsanəni neçə il HƏBS GÖZLƏYİR?

İctimai müzakirələrdə tez-tez qarışdırılan bir anlayış var: tənqid və təhqir. Son günlər müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasında yaranmış qalmaqal da məhz bu sərhədin bilərəkdən və ya bilməyərəkdən pozulması üzərindən formalaşıb. Müzakirələrin mərkəzində isə bir sual dayanır: Səidə Bəkirqızının dedikləri niyə problem kimi təqdim olunur və doğrudanmı bu fikirlər hüquqi məsuliyyət yaradır?

Məsələyə obyektiv baxıldıqda aydın olur ki, Səidə Bəkirqızının mövqeyi şəxsi hücumdan yox, jurnalist və ictimai mövqe daşıyıcısı kimi fikir bildirmək hüququndan irəli gəlir. Aparıcı Rəqsanə İsmayılovanın “body” tipli geyimdə etdiyi fotosessiya ilə bağlı danışarkən müğənninin şəxsi həyatına, ailəsinə, keçmişinə və ya mənəvi dəyərlərinə toxunmayıb. Onun çıxışı əsasən ictimai şəxs olan bir sənətçinin səhnə obrazı, vizual təqdimatı və bunun cəmiyyətə verdiyi mesaj üzərində qurulub. Bu isə jurnalistikanın və söz azadlığının klassik çərçivəsinə daxildir.

Səidə Bəkirqızının dedikləri mahiyyət etibarilə “bəyənirəm” və ya “bəyənmirəm” mövqeyindən daha çox, ictimai məsuliyyət mövqeyi kimi formalaşıb. O, açıq şəkildə nə təhqir edib, nə söyüş işlədib, nə də qarşı tərəfin valideynlərinə və ya övladlarına yönələn ifadələr səsləndirib. Başqa sözlə, Səidənin fikirləri hüquqi baxımdan şəxsin şərəf və ləyaqətini alçaldan konkret ittihamlar yox, ictimai müzakirəyə açıq olan bir mövzunun şərhi kimi qiymətləndirilə bilər.

Problem isə məhz bundan sonra yaranır. Çünki cavab olaraq səsləndirilən fikirlər artıq bu çərçivədən çıxaraq, şəxsi həyat, ailə üzvləri, ata və baba ilə bağlı ittihamlar, sosial şəbəkələrdə açıq təhqir və böhtan formasını alıb. Hüquqi baxımdan bu iki mövqe arasında ciddi fərq var: biri fikir və tənqid hüququdur, digəri isə qanunla qorunan şəxsi toxunulmazlığın pozulmasıdır.

Məsələ ilə bağlı hüquqi tərəfləri aydınlaşdırmaq üçün NOCOMMENT.az hüquqşünas Natiq Ələsgərovun rəyini öyrənib. Hüquqşünas bildirib ki, ev dustaqlığı qətimkan tədbiri azadlığın tam məhdudlaşdırılması deyil, lakin bu statusda olan şəxsin davranışları məhkəmə qərarı ilə ciddi nəzarətdə saxlanılır.

Natiq Ələsgərov

Onun sözlərinə görə, ev dustaqlığında olan şəxsin telefon və internetdən istifadə edib-etməməsi birbaşa məhkəmənin qərarından asılıdır:

“Əgər məhkəmə qərarında telefon, internet və sosial şəbəkələrdən istifadəyə qadağa qoyulmayıbsa, şəxs texniki olaraq telefondan istifadə edə bilər. Ancaq bu istifadə yeni hüquq pozuntusuna yol açırsa, yəni sosial şəbəkələrdə təhqir, böhtan və ya hədə-qorxu xarakterli paylaşımlar edilirsə, bu artıq ev dustaqlığı rejiminin pozulması hesab olunur”.

Natiq Ələsgərov vurğulayıb ki, sosial şəbəkələrdə açıq platformada edilən təhqir və böhtan halları şəxsi mübahisə çərçivəsindən çıxaraq ictimai təhlükəlilik daşıyır:

“Əgər sübut olunarsa ki, bir şəxs digər şəxsin şərəf və ləyaqətini alçaldan ifadələr işlədib, üstəlik bu ifadələr ailə üzvlərinə – ata, baba və ya övladlara yönəlibsə, bu, ağırlaşdırıcı hal sayılır. Belə vəziyyətdə iş cinayət məsuliyyəti müstəvisində qiymətləndirilə bilər”.

Hüquqşünasın sözlərinə görə, ev dustaqlığında olan şəxsin yeni cinayət tərkibli əməllər törətməsi məhkəmə üçün ciddi əsasdır:

“Ev dustaqlığı zamanı yeni təhqir və böhtan faktları təsdiqlənərsə, məhkəmə bu qətimkan tədbirini ləğv edərək həbs qətimkan tədbiri seçə bilər. Yəni ev dustaqlığında olan şəxs yenidən həbs edilə bilər. Bu zaman əvvəlki status yüngülləşdirici hal deyil, əksinə, ağırlaşdırıcı amil kimi nəzərə alınır”.

Ekspert əlavə edib ki, bu tip işlər zərərçəkmişin istəyi ilə üzr istəmə və ya maddi təzminatla bağlanmaya da bilər:

“Əgər zərərçəkmiş barışıqdan imtina edirsə və təhqir-böhtan faktları sübuta yetirilirsə, məhkəmə azadlıqdan məhrumetmə də daxil olmaqla qanunda nəzərdə tutulan bütün cəza tədbirlərini tətbiq edə bilər”.

Qeyd edək ki, Səidə Bəkirqızı verdiyi açıqlamada bu məsələdə geri addım atmayacağını, sosial şəbəkə üzərindən yayılan təhqir və böhtanlara görə qarşı tərəfin qanun qarşısında cavab verməsini tələb etdiyini bildirib. Məsələnin yaxın günlərdə məhkəmə müstəvisində davam etdiriləcəyi gözlənilir.

Tunar

Seçilən
8
nocomment.az

1Mənbələr