AZ

Şamaxıda Gənc Tibb İşçilərinin Respublika Konfransı



Şamaxı şəhərində 2 Fevral – Gənclər Gününə həsr olunmuş Gənc Tibb İşçilərinin Konfransı keçirilib.

Medicina. az xəbər verir ki, Tədbir Şamaxı Rayon Mərkəzi Xəstəxanasının və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşəbbüsü ilə təşkil olunub.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin üzvü Tamam Cəfərova, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Şamaxı Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Cahangir Şıxəliyev, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı T.Məmmədov gənc tibb işçilərinin ölkənin səhiyyə sahəsindəki rolundan, onların peşəkar inkişafına göstərilən dövlət dəstəyindən bəhs edib.

Gənc tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların peşəkar inkişaf imkanlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verən E.Muradova isə bu cür konfransların gənclərin motivasiyasına və səhiyyə sahəsində davamlı inkişafa mühüm töhfə verdiyini vurğulayıb.

Millət vəkili T.Cəfərova gənclərin, xüsusilə də gənc tibb işçilərinin dövlət siyasətində xüsusi yer tutduğunu qeyd edib və regionlarda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında onların böyük rol oynadığını vurğulayıb.

Səhiyyə sahəsində aparılan islahatlardan danışan Z.Ədilova bildirib ki, bu gün ölkə üzrə fəaliyyət göstərən təxminən 16 mindən çox həkimin 6 minə yaxını gənclərdir ki, bu da səhiyyə sisteminin gələcəyinin məhz gənclər üzərində qurulduğunu göstərir.

“200-ə yaxın tibb elmləri üzrə elmi dərəcə sahibi həkim mövcuddur ki, onların təxminən 10 faizini gənclər təşkil edir. Bu isə gənc həkimlərin yalnız praktiki deyil, elmi potensialının da artdığını açıq şəkildə nümayiş etdirir. Səhiyyə sahəsində aparılan islahatların uğurla icrasında gənc tibb işçiləri yalnız tibbi xidmət göstərən mütəxəssislər deyil, həm də ictimai etimadın formalaşmasında və müasir səhiyyə modelinin qurulmasında əsas rol oynayırlar,” - deyə Z. Ədilova bildirib.

Tədbirdə həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru N.Əliyev və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi T.Salehov çıxış edərək regionlarda çalışan gənc tibb işçilərinin fəaliyyəti, onların sosial rifahı və inkişaf perspektivlərinə toxunublar.

Konfrans panel müzakirələrlə davam edib.

İlk panel müzakirə “Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” mövzusuna həsr olunub və C.Şıxəliyevin moderatorluğunda baş tutub.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının Ümumi şöbəsinin müdiri Ozal Nuriyevin moderatorluğunda baş tutan növbəti paneldə “Gənclərin regionlarda inkişaf yolu” mövzusu müzakirə edilib. Panel çərçivəsində regionlarda çalışan gənc tibb işçilərinin karyera perspektivləri, motivasiya amilləri və sosial rifah məsələləri müzakirə edilib.
Konfrans gənc tibb işçiləri arasında təcrübə mübadiləsinin aparılması, yeni ideyaların formalaşdırılması və səhiyyə sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.

medicina.az


Seçilən
11
1
medicina.az

10Mənbələr