Azərbaycanın özəl tibb müəssisələri onkoloji xəstələri qəbul etməyə nə dərəcədə hazırdır? Bu sahəyə özəl klinikalar tərəfindən xaricdən mütəxəssislər dəvət olunacağı istisna deyil. Onların sertifikasiyası necə aparılacaq? Bizim həkimlər xaricə gedərkən ciddi sertifikasiya prosesindən keçirlər. Amma xaricdən gələn həkimlər üçün Azərbaycanda eyni tələblər açıq şəkildə nəzərdə tutulmur. Öz ölkələrinin tibb sektorunda kimsənin tanımadığı həkimlər Azərbaycanda gurultulu adlarla reklam olunurlar.
Medicina.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Elçin Mirzəbəyli deyib.
"Azərbaycanda onkoloji xəstəliklərlə bağlı ən böyük problem müalicədən əvvəl - vaxtında aşkarlanma və düzgün diaqnoz mərhələsində başlayır. Regionlarda tibbi xidmətlərin əlçatanlığı, əhalinin səhiyyə sisteminə etimadı, həssas sosial qrupların tibbi xidmətlərə çıxışı ciddi çətinlik olaraq qalır" - deyə, deputat vurğulayıb.
O, bununla bağlı nümunə də gətirib:
"Konkret layihə ilə bağlı olmasa da təmsil etdiyim Ağsu rayonundakı vəziyyətlə bağlı bir məqama diqqət çəkmək istəyirəm. Hazırda rayonun 32 kəndinin 7-də tibb məntəqələrinin əsaslı təmirə, 24-də yenidən tikilməsinə ehtiyac var. Tibb bacılarının evlərdə iynə vurmasının belə məhdudlaşdırıldığı bir şəraitdə insanlar sıradan bir proseduru həyata keçirmək üçün 30-40 və daha çox kilometrlərlə məsafəni qət etmək məcburiyyətində qalırlarsa, o zaman yüksək tibb xidmətlərinin əlçatanlığından necə danışmaq olar? Hazırkı layihənin məntiqindən çıxış etsək, belə anlaşılır ki, kənd və qəsəbələrdəki tibb məntəqələri ilə bağlı problemlərin həlli üçün də özəl sektora üz tutmalıyıq. Amma bir məqamın da nəzərə alınmasını vacib sayıram. Düşünürəm ki, özəl tibb müəssisələrində onkoloji xəstələrin müayinə və müalicəsi üzrə tariflər dövlət tibb müəssisələrində tətbiq olunan tariflərdən yüksək olmamalıdır. Çünki əks halda, pasiyentlərin seçim hüququnu genişləndirməkdən daha çox, bu hüququn yalnız maddi imkanı olanlar üçün əlçatan olmasına imkan yaradacağıq".
medicina.az