AZ

“Sənə oğlan, yoxsa qız uşağı gətirim?” - Epstein qalmaqalındakı iyrəncliklər üzə çıxdı

Jeffrey Epstein qalmaqalı açıqlanan yeni milyonlarla sənəddən sonra yenidən dünya gündəminə çıxıb. ABŞ Ədliyyə Nazirliyi Epstein istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədin, 2 min videonun və təxminən 180 min vizual materialın yayımlanaraq ictimaiyyətin istifadəsinə verildiyini açıqlayıb.

Bu materiallar J.Epsteinin yalnız cinayət şəbəkəsini deyil, eyni zamanda siyasət, krallıq ailələri və qlobal biznes elitaları ilə qurduğu əlaqələrin miqyasını daha aydın şəkildə üzə çıxarıb. Yeni sənədlərdə yer alan “şeytan” dialoqu, “körpə” ifadələri və Türkiyə ilə bağlı adlar xüsusilə diqqət çəkir.

Epsteinin satanizm dialoqu

Açıqlanan materiallar arasında Epsteinin naməlum bir jurnalistin suallarını cavablandırdığı uzun video da yer alır. Təxminən iki saat davam edən görüntülərdə jurnalist Epsteindən birbaşa soruşur:

- Özünüzü şeytan hesab edirsinizmi?

Epstein isə bu suala istehzalı cavab verir:

- Yaxşı bir güzgüm var.

Videonun nə vaxt və hansı şəraitdə çəkildiyi, eləcə də sualları verən şəxsin kimliyi hələ rəsmi şəkildə açıqlanmayıb. Buna baxmayaraq, bu dialoq Epsteinin öz əməllərinə münasibətini və psixoloji durumunu göstərən ən sarsıdıcı detallardan biri kimi qiymətləndirilir.

“Sənin üçün bir və ya iki kiçik uşaq gətirə bilərəm”

Yeni sənədlərdə məşhur PR mütəxəssisi, Hollivud və maliyyə elitləri arasında nüfuzlu bir fiqur sayılan Peggi Siegalın Keniya səfərindən qayıdarkən Epstein üçün “uşaq gətirməyi” təklif etdiyi ortaya çıxıb.

Peggi Siegal Epsteinə göndərdiyi e-poçtda Keniya paytaxtı Nairobiyə səfər edəcəyini bildirir. Siegal ona səfərində haralara gedəcəyi barədə məlumat verərək yazır:

“Sənin üçün bir və ya iki kiçik uşaq gətirə bilərəm. Qız yoxsa oğlan? Tam Madonna kimi”.

E-poçtda ən diqqət çəkən cümlə elə budur.

Epstein Türkiyədə

Açıqlanan sənədərdə bir sıra türk adlarının yer alması Türkiyədə də ciddi müzakirələrə səbəb olub.

Sənədlərdə iş adamı Thomas Pritzkerin Epsteinə göndərdiyi iddia olunan e-poçtda vaxtı ilə Türkiyənin xarici işlər naziri və Baş naziri postlarını tutmuş Əhməd Davudoğludan “Henry Kissingerə bənzər siyasətçi” kimi bəhs edilib. Ə.Davutoğlunun lideri olduğu Gələcək Partiyası rəsmi açıqlama yayaraq xəbərin “siyasi manipulyasiya xarakteri daşıdığını” bildirib.

Yeni sənədlərdə adı çəkilən digər məhşur türk isə “İhlas” Holdinqin sahibi Əhməd Mücahit Ören olub. Dosyedə Ə.Ören ilə Epsteinin əsas ortağı və hazırda 20 il həbs cəzasına məhkum edilmiş Gisleyn Maksvell arasında 2004-cü ilə aid olan epoçt yazışmaları yer alır.

Yazışmalarda Gisleyn Maksvellin britaniyalı iş adamı Riçard Branson haqqında tənqidi fikirləri, Örenin isə Bransonla tanışlıq üçün Maksvelldən vasitəçilik istədiyi görünür. E-poçtlardan birində Örenin “daha yaramaz olmaq üçün sizdən çox şey öyrənməliyəm” ifadəsi xüsusilə diqqət çəkib.

Ören Maksvelllə yazışdığını inkar etməyib. Onun sözlərinə görə, “bu yazışmalar yalnız işgüzar xarakter daşıyıb və Epstein ilə hər hansı əlaqəsi olmayıb”.

Rixos və Fəttah Tamince detalları

Sənədlərdə daha çox diqqət çəkən hissə isə Antalyadakı Rixos Premium Belek oteli və iş adamı Fəttah Tamince ilə bağlı yazışmalardır. Yazışmalardan anlaşılır ki, Epstein üçün seçilmiş gənc qızlar “Rixos” otelində seksual istismara hazırlanıb, bunun üçün onlara masaj kursları keçirilirmiş. Bununla bağlı Epsteinin köməkçisi Lesley Groff ilə Rixos rəhbərliyinin arasında “masajçı qızlar”, ödənişlər və “qızların ev sahibliyi” mövzusunda e-poçtlar yer alır. Yazışmalardan bəlli olur ki, Rixos otelində gənc qızların seksual xidmətə hazırlanması qarşılığında ödəniş Epsteinin şəxsi hesabından edilib. Bu yazışmalarda Epsteinin “Bu mənim və onların həyatını dəyişdi” ifadəsi xüsusi maraq doğurur.

Musk, Makron, Tramp

ABŞ Prezidenti Donald Tramp, Fransanın dövlət başçısı Emmanuel Makron və məhşur iş adamı Elon Maskın adları da yeni Epstein sənədlərində dəfələrlə keçir.

Yazımalardan birində Elon Mask J.Epsteindən “adanızdakı ən çılğın partinin nə vaxt olacaq” deyə soruşur.

Fransanın iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olduğu dövrdə E.Macronun J.Epstein ilə siyasi ideyalar müzakirə etdiyi də yayınlanmış sənədlərlə üzə çıxıb.

Tramp Epstein ilə bir zamanlar dostluq etdiyini, lakin illər əvvəl əlaqələrinin kəsildiyini bildirir və cinsi cinayətlər barədə hər hansı məlumatı olduğunu rədd edir. Epsteinin qurbanları tərəfindən də ona qarşı hər hansı bir cinayət ittihamı irəli sürülməyib.

ABŞ Ədliyyə Nazirliyindən bildirilib ki, sənədlərin bəziləri prezident Tramp əleyhinə 2020 seçkilərindən dərhal əvvəl Federal Təhlükəsizlik Bürosuna təqdim edilmiş həqiqətə uyğun olmayan və sensasion iddiaları ehtiva edir.

“Açıq deyək ki, iddialar əsassızdır və əgər bir qədər də inandırıcılıqları olsaydı, artıq Prezident Trumpa qarşı silah kimi istifadə olunardılar”, - ABŞ Ədliyyə Nazirliyinin şərhində deyilir.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr