AZ

Kəbə örtüyünün hissələrini 9 il öncə Epşteynə yollayıblar

ABŞ Ədliyyə Departamentinin açıqladığı “Epşteyn faylları”nda müqəddəs Kəbə örtüyünün (“Kisvə”) bir hissəsinin Ceffri Epşteynə göndərildiyinə dair faktlar üzə çıxıb...

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Agentlik yazır ki, 2017-ci ilin fevral və mart aylarına aid yazışmalar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan iş adamı Əzizə əl-Əhmədinin Kəbə örtüyünə aid üç müxtəlif parçanın Epşteynin Floridadakı malikanəsinə çatdırılmasını təşkil etdiyini göstərir.

Sənədlərə əsasən, həmin hissələr arasında Kəbənin daxili örtüyü, istifadə olunmuş xarici parça və eyni materialdan hazırlanmış xüsusi nümunə yer alıb. O, Epşteynə ünvanladığı məktubda həmin parçanın milyonlarla müsəlmanın dua və ümidlərini daşıyan müqəddəs bir əmanət olduğunu vurğulayıb.

Məlumat üçün deyək ki, üzərində qızıl və gümüş saplarla Qurandan ayələrin işləndiyi “kisvə” hər il Həcc mövsümündə yenisi ilə dəyişdirilir.

Bu zaman köhnə “kisvə” hissələrə bölünür və xüsusi şəxslərə, muzeylərə hədiyyə edilir.

Qeyd edək ki, yeni yayımlanan FTB memorandumunda həmçinin Epşteynin kəşfiyyat əlaqələrinə dair məqamlar da öz əksini tapıb. Bildirilir ki, o, İsrailin keçmiş Baş naziri Ehud Barakla yaxın münasibətdə olub və kəşfiyyat tapşırıqlarının icrasında iştirak edib. Yazışmalarda Epşteynin köməkçisi vasitəsilə Ə. əl-Əhmədiyə DNT test dəsti göndərməsi və tərəflər arasında şəxsi adadakı vəziyyətlə bağlı mütəmadi təmasların qurulması diqqət çəkib.

Xatırladaq ki, bir müddət öncə sözügedən sənədlər Epşteynin ölümündən sonra davam edən genişmiqyaslı araşdırmaların bir hissəsi kimi ictimaiyyətə təqdim olunub.

Poliqon.info

Seçilən
39
4
poliqon.info

5Mənbələr