Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri təsdiq edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, xüsusi icra məmurunun vahid geyim forması gündəlikdir, yay və qış dəstlərindən ibarətdir. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçadan tikilməli və sağlamlığa mənfi təsir göstərməməlidir.
Qış dəstinə beysbolka, istiləşdirilmiş gödəkçə, yaz-payız gödəkçəsi (qolsuz), uzunqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabı aiddir.
Yay dəsti beysbolka, qısaqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabıdan ibarətdir.