AZ

“Uşaqların telefona və ekranlara həddən artıq maraq göstərməsi onların nitq inkişafının ləngiməsinə səbəb ola bilər”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Depressiya nisbətinin artmasının əsas səbəblərindən biri sosial əlaqələrin zəifləməsidir. İnsanlar getdikcə daha tənha qalır, həyatın mənası ilə bağlı boşluq hissi dərinləşir, güvənə biləcəkləri insanların sayı azalır. İnsan münasibətləri baxımından dünya sanki soyuyur.

Digər mühüm amil, sosial media və texnologiyaların həyatımızda həddindən artıq yer tutmasıdır. İnsanlar saatlarla ekran qarşısında vaxt keçirsələr də, bir-birlərinin gözlərinin içinə baxmağa, ünsiyyət qurmağa, qarşı tərəfin sevildiyini və dəyərli olduğunu hiss etdirməyə kifayət qədər zaman ayırmırlar. Bu proses insanları tədricən daha mexaniki, maşına bənzər varlıqlara çevirir.

Sosial media və ekran qarşısında çox vaxt keçirmək insanların psixikasına necə təsir edir?İnsanlar real həyatda ünsiyyət əvəzinə ekranlar vasitəsilə mövcud olduqda hansı emosional boşluqlar yaranır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan psixoloq Aysun Alyarova bildirib ki, uşaqların telefonda izlədikləri filmlər, seriallar və oynadıqları oyunlar onların gündəlik həyatını əvəzləyir: “Uşaqların telefona və ekranlara həddən artıq maraq göstərməsi onların ünsiyyət qurmaq bacarıqlarının gecikməsinə, nitq inkişafının ləngiməsinə səbəb ola bilər. Daha sonrakı yaşlarda, xüsusən yeniyetməlik dövründə valideynlər tez-tez şikayət edir ki, uşaq ailə ilə ünsiyyət qurmaq istəmir. Bu, çox vaxt sosial media və telefonla bağlıdır: uşaqlar üçün ən yaxın “dost” telefon olur, izlədikləri filmlər, seriallar və oynadıqları oyunlar onların gündəlik həyatını əvəzləyir. Nəticədə uşaq real mühitdən uzaqlaşaraq özünü oyunlar və fantaziyalar aləmində hiss edir.

Bu vəziyyətin gələcəkdə ciddi fəsadları ola bilər - telefon asılılığı yaranır. Bu asılılıq belə özünü göstərir: insan bütün günü telefonla məşğul olur - yemək yeyərkən, iş görərkən belə fikri telefonda olur; səhər durandan dərhal sonra telefona baxmağa başlayır və sosial mediada nələr baş verdiyini yoxlayır. Səhər ilk baxışda qarşılaşdığı mənfi və sensasion xəbər məzmunu (qətl, faciə və s.) psixikaya mənfi təsir göstərə bilər.

Eyni zamanda diqqət dağınıqlığı və səbrsizlik artır. Uzun videolar və məzmunlar tez-tez izlənilmədiyinə görə insanlar daha qısa, cəlbedici və “qarmaq cümlə” məzmuna üstünlük verirlər. Sosial mediada fasiləsiz sürüşdürmə və səthi baxış vərdişi insanlar üçün realdır: çox vaxt izləyən tərəf məzmunu səthi şəkildə belə anlamadan sadəcə sürətlə keçir. Bu hallar ruhda durğunluğa, donuqluğa gətirib çıxara bilər.

Başqa bir problem odur ki, sosial mediada başqalarının uğur və idealizə edilmiş həyatını izlədikcə gənclər özlərini dəyərsiz hiss edə, “mən niyə belə deyiləm?” sualına düşə bilər, nəticədə motivasiya və enerjisi azalır. Bu təsirlər uşaq və yeniyetmələrin emosional və psixoloji sağlamlığı üçün ciddi risk mənbəyidir. Sosial mediada daha çox vaxt keçirdikcə ekran qarşısında daha çox olduqca, insanda beyin avtomatik yüklənmiş olur. Yaxşı xəbər, pis xəbər, müsbət və mənfi xəbər bu insanlarda narahatlığa, gərginliyə, yuxu pozuntularına da gətirib çıxara bilir”.

Aysun Alyarova

Ekranların insanlara gətirdiyi boşluqlardan danışan Aysun Alyarova qeyd edib ki, bu zaman səthi əlaqələr, münasibətlər artmış olur: “Daha çox bağlanma məsələlərində narahatlıq olur. Artıq insanlar real olaraq başqa insanlarla əlaqə yarada bilmirlər. Əlaqə yaratmaqdan çəkinirlər. Bu onlar üçün çətin bir vəziyyət olur. Səthi əlaqələr, münasibətlər artmış olur. Daha dərin bağlar yaratmaq insanlara qorxulu gəlir. Bu isə münasibətlərdə nəinki sağlam bağlanma- narahat təşvişli bağlanma yaratmış olur”.

Günel Həsənova Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
106
bizimyol.info

1Mənbələr