AZ

Azərbaycanda "servis haqqı" ləğv edilə bilər? - AÇIQLAMA

Türkiyədə restoran və kafelərdə tətbiq olunan servis haqqı ləğv edilib. Bu qərar istehlakçıların hesablarına əlavə ödəniş düşməməsi və xidmət haqqının daha şəffaf olması məqsədilə verilib. Qanun dəyişiklikləri artıq qüvvəyə minib. Nəzərə alsaq ki, Azərbaycanda da bəzi restoranlarda servis haqqı yüksəkdir. Bəs, bu qərar ölkəmizdə də qəbul oluna bilərmi? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Türkiyədə servis haqqı və əlavə ödənişlər ləğv edilib:

"Bu, çox əhəmiyyətli bir məsələdir. Dünən Türkiyədəki həmkarlarımız bizə bu barədə məlumat verdilər. Əgər istehlakçı müəyyən bir otaqdan istifadə edir və orada multimedia və ya əlavə ləvazimatlardan yararlanırsa, bu, əlbəttə mümkündür, amma həmin xidmətlər menyuda açıq şəkildə göstərilməlidir. Türkiyədə menyuya yazılmayan xidmət haqqının alınması qadağan edilib",- deyə ol bildirib.

E.Hüseynov qeyd edib ki, Azərbaycanda isə oxşar vəziyyət sürətlə irəliləyir:

"Dövlətin biznes qurumları üçün yaratdığı toxunulmazlıq şəraitindən sui-istifadə olunur. Artıq bu qanunsuzluq, istehlakçı hüquqlarının pozulması normaya çevrilib. Ümumiyyətlə, hər hansı bir qanun və ya hüquq pozuntusunun qarşısı alınmazsa və cəza tətbiq olunmazsa, bu, adi hala çevrilir və cəmiyyətdə belə qəbul edilir. Bu, çox yaxşı bir hal deyil. Təəssüf ki, hesab etmirəm ki, yaxın 1 ildə Azərbaycanda belə bir qərar qəbul olunsun. Ölkədə istehlakçı hüquqlarının qorunması siyasəti zəifdir və aşağı səviyyədədir. Bu vəziyyət isə turizmin inkişafına ciddi zərbə vurur",- deyə Eyyub Hüseynov əlavə edib.

Seyranə Quliyeva Missiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr