
Dünyanın ən populyar kriptovalyutası olan bitkoin təxminən 8% dəyər itirərək 73 min dollar həddindən aşağı düşüb.
AFN.az "Binance" birjasının göstəricilərinə istinadən xəbər verir ki, rəqəmsal aktiv sonuncu dəfə bu səviyyədə Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəldiyi gün — 2024-cü il noyabrın 6-da olub.
Bakı vaxtı ilə saat 23:01 radələrində bitkoinin qiyməti 7,93% azalaraq 72,955 dollar təşkil edib. Daha sonra ucuzlaşma bir qədər səngiyib və saat 23:21-də qiymət 74,922 dollar (-5,09%) səviyyəsində qərarlaşıb.
"Coinglass" platformasının məlumatına görə, son 24 saat ərzində qlobal kriptobirjalarda 161 mindən çox treyderin mövqeyi ləğv edilib ki, bu da ümumilikdə 663 milyon dollardan artıq vəsaitin itirilməsi deməkdir. Ləğv edilən pozisiyaların böyük hissəsi (245,81 milyon dollar) bitkoinin payına düşüb. İtkilərin 136 milyon dolları "short" (qısa), 527,24 milyon dolları isə "long" (uzun) mövqelərdə qeydə alınıb. Sutka ərzində ən böyük fərdi ləğvetmə sifarişi "HTX" birjasında "ETH-USDT" cütlüyü üzrə 6,08 milyon dollar dəyərində olub.
"Coinmarketcap"ın hesabatına əsasən, hazırda ümumi kriptovalyuta bazarının kapitallaşması 2,53 trilyon dollar təşkil edir. Bazarın 1,49 trilyon dolları (58,9%) bitkoinin, 261,65 milyard dolları (10,4%) isə Ethereum-un payına düşür.
Qeyd edək ki, kriptovalyuta bazarında ləğvetmə (likvidasiya) dedikdə, treyderin marja tələblərini yerinə yetirə bilmədiyi təqdirdə, birjanın onun ticarət mövqeyini məcburi şəkildə bağlaması nəzərdə tutulur. Bu mexanizm birjanın risklərini sığortalamaq və treyderin borca düşməsinin qarşısını almaq üçün tətbiq edilir.