Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Son illərdə beynəlxalq münasibətlərdə strateji tərəfdaşlıqlar təkcə təhlükəsizlik və iqtisadi maraqlarla deyil, həm də elm və texnologiya sahəsində əməkdaşlıqla ölçülməyə başlayıb.
Qlobal rəqabətin getdikcə innovasiya və bilik üzərində formalaşdığı bir şəraitdə dövlətlər uzunmüddətli təsir gücünü məhz elmi-texnoloji potensiallarını birləşdirməklə artırmağa çalışırlar.
Bu kontekstdə Azərbaycanla İsrail arasında elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumunun imzalanması ikitərəfli münasibətlərin mahiyyətində baş verən keyfiyyət dəyişimini əks etdirir.
Sözügedən sənəd tərəflərin mövcud əməkdaşlıq çərçivəsini genişləndirərək, əlaqələri daha institusional, dayanıqlı və strateji müstəviyə daşıyır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.info-ya danışıb.
O bildirib ki, Azərbaycanla İsrail arasında elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumunun imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. İsrailin innovasiya, elm və texnologiya naziri Gila Qamliel və Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli tərəfindən imzalanan bu sənəd, tərəflərin strateji tərəfdaşlığını daha dərin və davamlı əsaslara keçirməyi hədəfləyir:
“Son illərdə Azərbaycan-İsrail münasibətləri əsasən enerji ixracı və müdafiə sahələrində konsentrasiya olunurdu. Lakin elm və texnologiya sahəsində Anlaşma Memorandumunun, eləcə də bundan əvvəl süni intellekt sahəsində imzalanan sənədin qüvvəyə minməsi münasibətlərin yeni istiqamətdə inkişaf etdiyini sübut edir. İsrailin Azərbaycandakı səfirliyinin açıqlamasında qeyd edildiyi kimi, sənəd ortaq maraqların ortaq innovasiyaya çevrilməsini hədəfləyir və tədqiqatçıların, institutların və ideyaların real əməkdaşlıq çərçivəsində birləşdirilməsini nəzərdə tutur. Bu yanaşma ikitərəfli əlaqələrə uzunmüddətli və institusional xarakter qazandırır. Artıq münasibətlər təkcə enerji və təhlükəsizlik mənafeyinə əsaslanmır, eyni zamanda tərəflərin bir-birinin texnoloji potensialından qarşılıqlı faydalanmağa strateji marağını əks etdirir”, – deyə o, həmçinin qeyd edib.
Deputat onu da bildirib ki, elm və texnologiya sahəsində əməkdaşlıq siyasi münasibətlərə xüsusi dərinlik və dayanıqlılıq qazandıran amildir:
“Tədqiqatçılar, universitetlər və texnoparklar arasında qurulan əlaqələr siyasi konjonkturdan asılı olmayan dayanıqlı şəbəkələr yaradır. Bu, münasibətlərin daha kompleks və qırılmaz olmasını təmin edir. Texnologiya transferi Azərbaycanın neft-qaz asılılığını azaltmaq və iqtisadiyyatı diversifikasiya etmək strategiyasına birbaşa xidmət edir. İsrailin yüksək texnologiyalar və innovasiyalar sahəsindəki qabaqcıl mövqeyi Azərbaycan üçün mühüm imkan yaradır. Eyni zamanda, Azərbaycan İsrail üçün Cənubi Qafqazda əhəmiyyətli tərəfdaş kimi çıxış edir və bu əməkdaşlıq İsrailin region daxilində maraqlarının təmin edilməsinə kömək edir.
Bundan əlavə, İsraillə innovativ sahələrdə əməkdaşlıq Azərbaycanın qərb texnologiya ekosistemlərinə inteqrasiyası anlamına gəlir. Bu, ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə töhfə verir”.
Parlamentari son olaraq bildirib:
“Qlobal kontekstdə Azərbaycan-İsrail elmi-texnoloji əməkdaşlığı ölkənin çoxvektorlu xarici siyasətinin bariz nümunəsidir. Azərbaycan eyni zamanda həm Rusiyanın, həm Qərbin, həm də İsrailin tərəfdaşı kimi mövqe saxlayır və bu balansı qorumağı bacarır.
Qabaqcıl texnologiyalara çıxış Azərbaycanın beynəlxalq aləmdə texnoloji suverenliyini artırır. Bu, ölkənin xarici asılılığını azaldır və müstəqil qərarlar qəbul etmək imkanını genişləndirir. Kiçik və ya orta ölkələrin strateji əməkdaşlıqlar vasitəsilə regional və beynəlxalq nüfuzlarını artırması prinsipi çərçivəsində, Azərbaycan özünün “orta güc” diplomatiyasını uğurla həyata keçirir. Azərbaycan-İsrail arasında elm və texnologiya sahəsində imzalanan Anlaşma Memorandumu ikitərəfli münasibətlərin sadəcə enerji və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını, strateji tərəfdaşlığın daha geniş və davamlı əsaslara söykəndiyini göstərir. Bu sənəd Azərbaycanın pragmatik xarici siyasətinin və modernləşmə strategiyasının mühüm təzahürüdür. Ölkə bir tərəfdən regional mövqelərini möhkəmləndirir, digər tərəfdən isə iqtisadi transformasiya üçün zəruri olan texnoloji bazanı qurur. Elmi-texnoloji əməkdaşlıq vasitəsilə yaradılan institusional əlaqələr münasibətlərə uzunmüddətli perspektiv bəxş edir və tərəflərin qarşılıqlı maraqlarını daha dərin şəkildə təmin edir. Bu, XXI əsrdə dövlətlərarası münasibətlərin necə qurulması lazım olduğuna dair əyani nümunədir”.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.